RED. Nazirin çıxışından sitatlar əlavə olunub
Azərbaycan, Bakı, 25 sentyabr/Trend, müxbir S.Ağayeva/
Azərbaycan 2014-cü ildə İslam Konfransı Təşkilatının (İKT) növbəti sammitinin Bakıda keçirilməsini təklif edib.
Azərbaycanda İKT sammitinin keçirilməsinin əhəmiyyəti onun keçmiş SSRİ məkanında ilk İslam sammiti olmasıdır. Bu barədə Nyu-Yorkda İKT ölkələri xarici işlər nazirlərinin illik görüşündə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov adından oxunan çıxışda deyilir.
Bakıda tədbirin keçirilməsi Xəzər, Qara dəniz və MDB regionunda İKT-nin rolunu və təsirini artıracaq, - Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Xarici işlər naziri bəzi sahələr üzrə nazirlər səviyyəsində görüşlər də daxil olmaqla bir sıra İKT tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycanın bu sahədə təcrübəsi nəzərə alınaraq, İKT dövlətlərinin hökumətlərindən Azərbaycanın təşəbbüsünün dəstəklənməsini xahiş edib.
İKT 1969-cu ildə yaradılıb və 57 müsəlman dövlətini, eləcə də Fələstin Azadlıq Təşkilatını birləşdirir. İKT-nin mənzil-qərargahı Ciddə şəhirindədir. O, BMT yanında müşahidəçi statusuna malikdir və iştirakçı dövlətlərin sayına görə dünyada ikinci yeri tutur.
Azərbaycan İslam ölkələrinin maraqlarına dəstək verən ölkə kimi, BMT-in Baş Assambleyasının 2011-ci ildəki 66-cı sessiyası zamanı keçirilməsi nəzərdə tutulan seçkilərdə Azərbaycanın 2012-2013 müddəti üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin təşkilata üzv ölkələr tərəfindən dəstəklənəcəyinə güvənir, - nazir qeyd edib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İslam Ümməti və İKT-nin Baş Katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqı və Avropa Parlamentinin qəbul etdiyi aidiyyəti üzrə sənədlər və qərarlar və BMT-in Təhlükəsizlik Şurası və İKT-nin müvafiq qətnamələrinin həyata keçirilməsi əsasında sülh yolu ilə həllinə sadiq olaraq qalır, - Məmmədyarov deyib.