Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində bazar ertəsi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, konfransı giriş sözü ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov açaraq, ölkədə narkomanlığın ümumi vəziyyəti, profilaktikası və onunla mübarizə sahəsində görülmüş tədbirlərə toxunub, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını bildirib.
Usubov, xüsusən, tibb, təhsil, idman sahələrində görülən işlərin müalicə və reabilitasiya tədbirləri üçün əlverişli zəmin olduğunu, prokurorluğun və hüquq mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətinin son illərdə xeyli gücləndiyini vurğulayıb.
Tədbir iştirakçıları narkomanlığın profilaktikası, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin aşkarlanması, qeydiyyatı, müalicəsi, onların fizioloji və psixoloji asılılıqdan azad edilməsi, reabilitasiyası, gənclər arasında narkomaniyanın profilaktikasının xüsusiyyətləri, təhsil müəssisələrində narkomaniyaya qarşı görülən işlər, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə strategiyaları, dünya təcrübəsinin effektiv metodlarının ölkə təcrübəsində tətbiqi imkanları və s. mövzularda fikir mübadiləsi aparıb, problemlərin həlli və işin səmərəsinin artırılması üzrə təkliflərlə çıxış ediblər.
Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, Daxili İşlər, Milli Təhlükəsizlik, Gənclər və İdman, Təhsil nazirliklərinin, Səhiyyə Nazirliyi və nazirliyin Narkoloji Mərkəzinin, Narkotiklərə və Cinayətkarlığa qarşı milli təbliğat ofisinin nümayəndələri iştirak ediblər.