...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək - katib

Siyasət Materials 1 Noyabr 2010 14:10 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək - katib

Azərbaycan, Bakı, 01 Noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək. Bu barədə bazar ertəsi Trend-ə MSK katibi Natiq Məmmədov bildirib.

"Namizədliyi Apelyasiya Məhkəməsinin qətnaməsindən sonra qeydiyyata alınmış namizədlərin adları mütləq bülletenlərdə olmalıdır. Bir az maliyyə xərcləri çəkiləcək, amma buna baxmarayaraq şəxslərin hüquqları təmin olunmalıdır. Bülletenlər verilməyən dairələrdə problem yoxdur. Hansı seçki dairələrinə artıq bülletenlər verilibsə, həmin dairələrdə bülletenlərin dəyişdirilməsi ilə bağlı tədbirlər görülməlidir", - Məmmədov əlavə edib.

Apelyasiya Məhkəməsi namizədliyi qeydə alınmayan dörd nəfərin namizədliyinin qeydə alınması ilə bağlı qətnamə qəbul edib. Məhkəmənin qətnaməsindən sonra həmin dörd nəfərin namizədliyi MSK tərəfindən qeydə alınıb.

MSK katibi həmin şəxslərin təşviqat kampaniyasının bəzi hissəsində iştirak edə bilmədiyinə də münasibət bildirib. Hazırda 696 namizəd seçki kampaniyasını həyata keçirir.

"Ümumi müqayisə aparsaq, görərik ki, əvvəl qeydiyyata alınmış namizədin sonradan qeydiyyata alınmış namizədə nisbətən imkanları geniş olub. Bu baxımdan nisbi bərabərsizlik görmək mümkündür. Belə namizədlərin hüquqlarının təmin olunması ilə bağlı müəyyən edilmiş prosedura məhz bu reallığı ortaya qoyub. Qanunvericilikdə belə hallarda kompensasiya verilməsinin nəzərdə tutulması barədə heç nə deyə bilməyəcəm", - Məmmədov.

Oktyabrın 22-dən parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib. Bülletenlərin çapı başa çatıb.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin sayından 3 faiz artıq bülleten çap olunub. Azərbaycanda 5 milyondan artıq seçisi qeydə alınıb.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti