...

Azərbaycan Prezidenti hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 16:40 (UTC +04:00)
Azərbaycan Prezidenti hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində iştirak edib
Azərbaycan Prezidenti hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində iştirak edib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Hacıyev/  Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilən hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində iştirak edib.

Noyabrın 6-da Ermənistan Azərbaycan tərəfə hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıb.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Noyabrın 4-də Azərbaycan erməni tərəfinə intihar edən Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi əsirlikdən azad edib.

Xəbər lenti

Xəbər lenti