...

Azərbaycan Prezidenti ISAF iclasında iştirak edib (FOTO)

Siyasət Materials 20 Noyabr 2010 23:30 (UTC +04:00)
Noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti ISAF iclasında iştirak edib (FOTO)

RED. əlavəsi: fotoşəkillər əlavə olunub

Noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Prezident İlham Əliyev iclas başlamazdan əvvəl dünya ölkələrinin liderləri ilə görüşdü.

NATO ölkələrinin dövlət və hökumət başçılarının, habelə Əfqanıstan Prezidenti Həmid Kərzainin, BMT-nin baş katibi Pan Gi Munun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri iclasda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dedi ki, ötən illərdə Əfqanıstan böyük inkişaf yolu keçmiş, ölkədə geniş bərpa və quruculuq işləri aparılmış, təhlükəsizlik gücləndirilmiş, idarəçilik təsisatları möhkəmləndirilmişdir. Əfqanıstanın bu inkişafında iclasda iştirak edən tərəflərin hər birinin payı vardır. 

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi. 

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında fəal olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak etdiyini diqqətə çatdırdı. 

Azərbaycan Prezidenti sülhməramlı qüvvələrimizin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verdiyini vurğuladı.

İclas başa çatdıqdan sonra Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. 

Daha sonra iclasda iştirak edən dövlət və hökumət başçıları birgə nahar etdilər. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etdi.

İSAF NATO-nun rəhbərliyi altında 48 ölkəni birləşdirir. Hazırda Azərbaycan Hərbi Qüvvələrinin 90 üzvü İSAF sıralarında qulluq edir.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti