Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/
ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda tezliklə diffamasiya haqqında - böhtana görə cinayət cəzasının ləğv edilməsini nəzərdə tutan qanunun qəbul ediləcəyinə əminliyini ifadə edib.
Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə salına bilər.
"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna deputatlar, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.
"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
Miyatoviçin sözlərinə görə, Ermənistan artıq bu yaxınlarda belə qanun qəbul edib.