...

ABŞ İranın danışıqlara razılıq verməsindən ruhlanıb – dövlət katibi Klinton

Siyasət Materials 1 Dekabr 2010 17:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

ABŞ İranın gələn həftə "altılıq" nümayəndələri ilə nüvə proqramının müzakirəsi üçün Cenevrədə danışıqlarda iştirak etməsinə razılıq verməsindən ruhlanıb. Bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton Astanada sammitində bildirib.

"Əlbəttə, İran enerjidən dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir, lakin İran rəhbərliyinin hərəkətləri onun nüvə silahının işlənməsi ilə məşğul olan bütün ölkələrlə birgə məsuliyyət daşımalı olduğunu vacib edir", - Klinton deyib.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton İran və "altılıq" (Rusiya, ÇXR, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya) arasında danışıqların dekabrın 6-7-də Cenevrədə keçiriləcəyini təsdiqləyib. Dünən İranın Rusiyadakı səfiri Mahmud Rza Səccadi bildiirb ki, Tehran danışıqların Cenevrədə keçirilməsinə razıdır.

Noyabrın əvvəllərində İran nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib.

Klintonun sözlərinə görə, qarşıdakı danışıqlar İrana danışıqlar masası arxasına əyləşmək üçün yaxşı imkandır, çünki onun nüvə proqramı beynəlxalq birliyin ciddi narahatlığına səbəb olub.

İranın nüvə proqramı BAEA-da onun gizli fəaliyyəti məlum olduqdan sonra - 2003-cü ildən etibarən narahatlıq doğurub. 2003-cü ilin sonunda İran Nüvə silahının yayılmaması haqqında Müqaviləyə əlavə Protokolu imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin dayandırıldığını könüllü elan edib. Lakin sonralar yenidən bu fəaliyyətə qayıdıb.

"Ötən ilin payızında Tehran tədqiqat reaktoru üzrə aparılan danışıqların nəticəsində imzalanan saziş müzakirələrin mərkəzində olacaq, - Klinton deyib. - Lakin ona dəyişikliklər olunacaq, çünki BAEA-nın mənbələrinə görə, İranda apardığı işlər sazişin reallaşdırılmadığını sübut edir".

Ötən ilin oktyabrında Vyana qrupu tərəfindən plan təklif olunub. Həmin plana görə, İranın malik olduğu az zənginləşdirilmiş (3,5 faizlik) uran 20 faizədək zənginləşdirilmək üçün Rusiyaya ixrac olunmalı, daha sonra isə Tehran tibb reaktoru üçün yanacaq hazırlanması üçün Fransaya göndərilməlidir. Lakin Tehran bəyan etdi ki, daha yüksək zənginləşdirilmiş uran almağa və ya öz ehtiyatlarını mübadilə etməyə yalnız mübadilənin sinxron qaydada və İran ərazisində aparılması şərti ilə razıdır.

Bu saziş ötən il ərzində İranın zənginləşdirilmiş uran ehtiyatlarını xeyli artırması səbəbindən öz aktuallığını itirib. Hazırkı ehtiyatlar "Vyana sazişi" adlandırılan sənəddə göstərilən rəqəmləri xeyli geridə qoyur.

"Cenevrədə qarşıdakı danışıqların məqsədi dünya birliyinin İranın hərəkətləri ilə bağlı narahatlığını qeyd etməkdir. Biz istəyirik ki, İran məsuliyyətli mövqe tutsun və nüvə silahının hazırlanmasını dayandırsın", - Klinton bildirib.

Zənginləşdirilmiş urandan nüvə silahının istehsalı üçün istifadə oluna bilər. Bununla yanaşı, o, atom elektrik stansiyaları üçün yanacaq kimi də vacibdir. Bir sıra dövlətlər, o cümlədən ABŞ İranın nüvə silahı yaratmağa cəhd etdiyinə əmindir və hadisələrin belə inkişafının dayandırılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti