...

Gürcüstan Prezidenti Mixail Saakaşvili terrorçu deyil - Eduard Şevardnadze

Siyasət Materials 13 Dekabr 2010 11:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkədəki terror aktlarının ya Rusiya, ya da yerli terrorçular tərəfindən törədildiyini istisna etmir. "Təəssüf ki, Gürcüstanda məsələn, Gürcüstan prezidenti olduğum vaxtlarda mənə qarşı üç dəfə törədilən terror aktları təşkil edə biləcək adamlar var", - eks-prezident Gürcüstanın "Asaval-Dasavali" jurnalına bu gün verdiyi müsahibəsində bildirib.

"Hələlik DİN-in saxladığı şəxslərin Moskvaya işləmələrini söyləmək çətindir, onlar yerli terrorçulara da işləyə bilərlər. İstintaq başa çatana kimi bunu söyləmək çətindir", - o, deyib.

Eks-prezident qeyd edib ki, ona ən ciddi hücum 1998-ci ildə, terrorçuların Çeçenistandakı Rusiya bazasında hazırladıqları terror aktı zamanı həyata keçirilib.

Bununla yanaşı, Şevardnadze Rusiya DİN-in həmin terror aktlarını Prezident Mixail Saakaşvilinin özünün hazırlamasına dair mövqeyini də bölüşmür. "Mən Prezident Mixail Saakaşvilini bir çox şeylərə görə qınaya bilərəm, amma o, dəqiq, terrorçu deyil", - o, bildirib.

Eks-prezident terrorizmin yayılması təhlükəsini son dərəcə real hesab edir və bütün ölkələrin hakimiyyətlərini bu məsələdə əməkdaşlığa çağırır.

Dekabrın 7-də Gürcüstanın daxili işlər nazirinin müavini Eka Zquladze bəyan edib ki, bu ilin sentyabr-noyabr aylarında Gürcüstan ərazisindəki bəzi terror aktları Rusiyanın xüssusi xidmət orqanları tərəfindən təşkil olunub.

Onun sözlərinə görə, dekabrın 4-də Tbilisidə ABŞ səfirliyi, Gürcüstan Leyboristlər Partiyasının ofisi yanındakı vağzalda, eləcə də Gürcüstanın bəzi regionlarında baş verən bir sıra partlayışların təşkilində şübhəli bilinən altı Gürcüstan vətəndaşının həbs edildiyi elan edilib.

Sentyabrın 22-də Tbilisidə ABŞ-ın Gürcüstandakı səfirliyinin binasına yaxın ərazidə partlayış baş verib. Şəhər meriyasının fövqəladə hallar xidməti əməkdaşlarının ifadələrinə görə, partlayıcı qurğu səfirliyin girişindən təxminən 40 metr aralıda, qəbiristanlığın divarının altında yerləşdirilib.

Noyabrın 28-də gecə Tbilisidə iki partlayış baş verib. Birinci partlayış Cavaxişvili küçəsindəki Leyboristlər Partiyasının ofisi yaxınlığında təxminən saat 02:00-da baş verib. Partiyanın binasının və yaxınlıqdakı binaların şüşələri sınıb. Ofisin divarları və tavanı uçub.

Partlayış nəticəsində Leyboristlər Partiyasının fəalı, 58 yaşlı Nino Qordeziani həlak olub. Daha beş nəfər, eləcə də azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

Tbilisi vağzalı yaxınlığındakı dəmiryolunda törədilən ikinci partlayış nəticəsində heç kim xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti