RED. əlavəsi: Dördüncü abzasdan sonra parlamentdə təmsil olunan digər partiya sədrlərinin açıqlaması əlavə edilib
Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Parlamentində müxalifətin yeni qrupu yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, qrupda "İslahat" seçki blokuna daxil olan Böyük Quruluş (BQP), Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyaları təmsil olunacaq.
"Qrup parlamentdə müxalifətin mövqeyini ifadə edəcək. Müxalifətin Azərbaycan cəmiyyətində rolunun artırılması, parlament idarəçiliyində yer alması, müəyyən qanunların müzakirəyə çıxarılmasında təkliflərin nəzərə alınması üçün müəyyən addımların atılması, əsas konstitusiya islahatlarının həyata keçirilməsi qrupun yaradılmasının əsas məqsədidir. Konstitusiya islahatları ilə bağlı layihəmiz təqdim olunacaq. Ölkədə artıq ciddi konstitusion islahatların keçirilməsi vacibdir", - Mustafa bildirib.
Noyabrın 7-də IV çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə "İslahat" blokunda birləşən partiyalar 3 deputat mandatı qazanıblar. BQP sədri Fazil Mustafa, Ədalət Partiyasının sədri İlyas İsmayılov və BAXCP sədri Qüdrət Həsənquliyev deputat seçiliblər.
Azərbaycan parlamentində təmsil olunan müxalif Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Trend-ə açıqlamasında bildirib ki, ona bu qrupa qoşulmaqla bağlı hələ ki təklif olunmayıb. Rüstəmxanlı bunu xaricdə olması ilə əlaqələndirib və qeyd edib ki, əvvəlcədən həmin partiyalarla olan razılaşmalarına əsasən, VHP də bu birliyə qoşula bilər. "Biz əvvəlcədən parlamentdə birgə fəaliyyət göstərməklə bağlı razılaşma əldə etmişik", - o qeyd edib.
Müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə isə Trend-ə açıqlamasında bu qrupa qoşulmayacağını və parlamentdə tək fəaliyyət göstərəcəyini deyib. Onun sözlərinə görə, qrup yaratmaqla bağlı ona heç bir təklif edilməyib.
"Düşünürəm ki, elə haqlı olaraq da məni o qrupa qoşulmağa dəvət etməyiblər", - Ağazadə vurğulayıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev qeyd edib ki, seçkidən əvvəl də heç bir birliyə qoşulmayacaqlarını və təkbaşına fəaliyyət göstərəcəklərini bəyan etmişdilər. Ona görə də bu birliyə qoşulmayıblar.
"Ümumi söhbətlər zamanı mənə bu qrupa qoşulmaq təklif olunmuşdu, lakin mən imtina etmişdim", - Quliyev Trend-ə deyib.