Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində cari ilin 11-12 dekabr tarixlərində Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə Onun xatirəsinə həsr olunmuş silsilə tədbirləri həyata keçirilib. Bu barədə səfirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Qeyd olunan tədbirlər çərçivəsində 11 dekabr tarixində səfirlikdə xatirə gecəsi təşkil olunmuşdur. Gecədə Türkiyənin görkəmli dövlət xadimləri, siyasətçiləri, Türkiyə Respublikasının Parlament üzvləri, elm adamları, iş adamları, Türkiyədəki Azərbaycan diasporunun öndə gedən nümayəndələri və Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də nüfuzlu mətbuat, televiziya kanalları və xəbər agentliklərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Türkiyə Respublikasının Baş Nazirinin təlimatına əsasən Türkiyə hökumətini təmsilən Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız iştirak etmişdir. Əlavə olaraq səfirliyə qeyd olunan tədbirlə bağlı Türkiyə Respublikası hökumətinin yüksək vəzifəli rəsmilərindən (Zafer Çağlayan, Bülent Arınç, Cemil Çiçek) teleqramlar daxil olmuşdur.
Gecədə, Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov ilk çıxışı edərək, Ümummilli Liderimizin Azərbaycan xalqına əvəzsiz xidmətlərindən danışmışdır.
Bilkənd Universitetinin rəyasət heyətinin sədri Əli Doğramacı öz çıxışında Ümummilli Liderimizin böyük fəaliyyətlərindən bəhs etmiş, Heydər Əliyevin öz əsərləri ilə əslində sonsuza dək yaşayacağını dilə gətirmişdir.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmət Sezgin öz növbəsində Heydər Əliyev kimi şəxsiyyətlərin tarixdə özünə qazandığı layiqli yerin əvəzedilməzliyindən bəhs etmiş, o dahi şəxsiyyət barədə xatirələrindən danışmışdır.
Daha sonra söz Türkiyə Böyük Millət Məclisinin sabiq sədri və iqtidardan olan (AKP) millət vəkili Köksal Toptan`a verilmişdir. Köksal Toptan Heydər Əliyevin regional sülh üçün həyata keçirdiyi fəaliyyətlərin önəmindən və öz xatirələrindən bəhs etmişdir.
Tədbirin sonunda aparıcı, Heyər Əliyevin yaxın dostu, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl`ə söz vermişdir. Süleyman Dəmirəl səmimi bir şəkildə, Ümummilli Liderimizin siyasi xarakterinin əvəzedilməz olduğundan, onun dahiliyindən, cəsarətindən, humanizmindən və böyüklüyündən nümunələr gətirərək Heydər Əliyev dühasının əzəmətini auditoriyaya bir daha hiss etdirmişdir.
Sonra, auditoriyaya Səfirliyin dəstəyi ilə AZTV tərəfindən hazırlanmış, Ümummilli Liderimizin həyat və fəaliyyətini, onun dərin vətən məhəbbətini, Ona çox yaxın olan insanların söylədiklərinin əks olunduğu sənədli film təqdim olunmuşdur.
Daha sonra həzin musiqi sədaları altında yüksək səviyyəli iştirakçılara Ümummilli Liderimizin xatirəsinə axşam yeməyi verilmiş və Heydər Əliyevin xatirəsinə həsr olunmuş hədiyyələr paylanmışdır.
Əlavə olaraq qeyd etmək istərdik ki, Ümummilli Liderimizin vəfatının yeddinci ildönümü münasibətilə Türkiyənin Todays Zaman, Radikal, Cumhuriyet və Ankara İl qəzetlərində, eləcə də Siyaset Dergisi jurnalında Heydər Əliyevlə bağlı geniş məqalələr yer almış, TRT Avaz televiziya kanalında Səfir Faiq Bağırov canlı yayımda qatıldığı proqramda Ümummilli Liderimiz barədə, eləcə də ölkəmiz haqda aparıcının sualları istiqamətində söhbət aparmışdır.
Ümummilli Liderimiz Heydər Əliyev`in vəfatının yeddinci ildönümü münasibətilə xatirə tədbirləri silsiləsi çərçivəsində cari ilin 12 dekabr tarixində Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri, Türkiyədə təhsil alan tələbələr, hərbi məktəblərin kursantları və səfirliyin əməkdaşları Ankaranın Yenimahalle səmtində Heydər Əliyev parkında Ümummilli Liderimizin heykəli önündə toplaşaraq böyük şəxsiyyətin xatirəsini yad etmişlər. Qeyd olunan tədbirdə Türkiyədəki universitetlərdə, polis akademiyalarında və ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin, eləcə də Azərbaycan diasporunun nümayəndələri çıxış edərək Ümummilli Liderimiz haqqında öz ürək sözlərini dilə gətirmişlər. Daha sonra Onun heykəli önünə çiçəklər qoymuşlar.
Sonda Ankaranın "Swiss Hotel" mehmanxanasında Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir. Dahi şəxsiyyətin ruhuna Yasin surəsi oxunmuşdur.