...

Avropa Komissiyası Azərbaycanla viza rejiminin sadələşdirilməsinin tərəfdarıdır

Siyasət Materials 14 Dekabr 2010 11:34 (UTC +04:00)

Avropa Komissiyası gələn ildən Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi barədə danışıqların keçirilməsi üçün təklifin təsdiqlənməsini planlaşdırır. UNİAN müxbirinin verdiyi məlumata görə, bu barədə bazar ertəsi Strasburqda Avropa Parlamentinin sessiyasında Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmstrem bildirib.

"Biz gələn ildən Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi barədə danışıqların keçirilməsi üçün təklifin qəbul edilməsini planlaşdırırıq", - o, bildirib.

Komissar qeyd edib ki, bu gün "Şərq Tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrdən yalnız ikisi - Ukrayna və Moldova viza rejiminin sadələşdirilməsi haqqında qüvvədə olan sazişə malikdir. Bundan əlavə, Gürcüstanla belə sazişin ratifikasiyası prosesi başa çatır, bu yaxınlarda isə Avropa Komissiyası Belarusla viza rejiminin sadələşdirilməsi barədə sazişlə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.

Viza rejiminin sadələşdirilməsi haqqında saziş viza rüsumlarının 60-dan 35 avroyadək azaldılmasını, bir sıra kateqoriyalardan olan vətəndaşlar üçün viza rüsumlarının ləğv edilməsini, diplomatik pasport sahibi olan şəxslər üçün vizaların ləğv edilməsini nəzərdə tutur, həmçinin vizaların verilməsinin dəqiq müddətini, ya da onların verilməsindən imtinanı müəyyən edir.

2009-cu il mayın 7-də Praqada təsdiqlənən "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

"Şərq Tərəfdaşlığı" Aİ tərəfindən göstərilən ölkələrə dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi ilə 2013-cü ilədək 600 milyon avro ayrılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti