...

Jerar Depardye Heydər Əliyev Fondunu ziyarət edib (FOTO)

Siyasət Materials 15 Dekabr 2010 12:53 (UTC +04:00)
Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Heydər Əliyev Fondunu ziyarət edib
Jerar Depardye Heydər Əliyev Fondunu ziyarət edib (FOTO)

Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Heydər Əliyev Fondunu ziyarət edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Aktyora ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən J.Depardye görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişdir.

Fondla tanışlıqdan sonra dünya şöhrətli aktyor Xatirə kitabına ürək sözlərini yazmışdır.
Daha sonra J.Depardye ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Heydər Əliyev Fondunun fəaliyyətindən, o cümlədən ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxmışdır.

Qonaq Fonddan zəngin təəssüratlarla ayrılmışdır.
 

Xəbər lenti

Xəbər lenti