...

Azərbaycanın müdafiə sənayesi sahəsində yeni istehsalat sahələri yaradılacaq - nazir Yavər Camalov

Siyasət Materials 17 Dekabr 2010 10:33 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi sahəsində yeni istehsalat sahələri yaradılacaq.
Azərbaycanın müdafiə sənayesi sahəsində yeni istehsalat sahələri yaradılacaq - nazir Yavər Camalov

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə sənayesi sahəsində yeni istehsalat sahələri yaradılacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

"Mart ayına qədər 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Burada yeni növ silah və sursat istehsalı həyata keçiriləcək", - Camalov deyib.

Nazirin sözlərinə görə, 2010-cu ildə müdafiə təyinatlı məhsulların istehsalında 2006-ci illə müqayisədə 115 dəfə artım olub. Keçən illə müqayisədə isə artım 3,6 dəfə olub.

"Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra qarşıya qoyulan ilk vəzifə sovetlər dövründən qalan müəssisələrin bərpası və yenidən qurulması, onların bazasında müdafiə təyinatlı məhsulların istehsalı oldu. Zavodlar rekonstruksiya olundu, 31 istehsalat sahəsi yaradıldı. Hazırda həmin istehsal sahələrində müxtəlif kalibrli atıcı silahllar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən "Zəfər" və "Zəfər-K", "İnam" adlı tapançalar istehsal olunur. SSRİ dövründən qalmış texnikaların modernizasiyası həyata keçirilir", - Camalov deyib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin xaricdə hərbi sərgilərə çıxartdığı məhsulların sayı da ilbəil artır.

"Sərgilərdə iştirakımız beynəlxalq aləmdə Azərbaycanda müdafiə sənayesinin inkişafını göstərir. Həmin sərgilərdə müasir texnikalarla tanış oluruq, həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Sərgilərdə bir sıra dövlətlərin şirkətləri ilə əlaqələr yaratmışıq, niyyət protokolları imzalamışıq", - Camalov bildirib.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin yaranma günüdür. Bu münasibətlə naziriliyin rəhbər və şəxsi heyəti Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti