Azərbaycan, Bakı, 26 Dekabr /Trend, müxbir T. Hacıyev/
Partiyanın qurultayında mən namizəd olmayacam və yeni başqanı seçiləcək. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər Partiya Məclisinin iclasında çıxışı zamanı deyib.
"Buna heç kimin şübhəsi olmasın ki, yeni başqan seçiləcək. Müsavatda kifayət qədər səviyyəli, yetişmiş siyasətçilər var. Onların hər hansı biri qurultay tərəfindən seçiləcək və hamımız birlikdə yeni rəhbərliyə kömək edəcəyik ki, missiyanı davam etsin. Biz demokratik prosedurlara önəm veririk" - Qəmbər əlavə edib.
Qəmbər bildirib ki, bir şəxsin iki dəfədən çox sədr seçilməməsi ideyası Müsavat partiyası tərəfindən irəli sürülmüş ideyadır. "Bu ideyanı biz gətirmişiq və bunu göstərəcəyik. Müsavat Azərbaycan siyasi meydanında nümunələr göstərəcək. Mən Müsavatın üzvü kimi qalacam və nə
zamansa mənə ehtiyac olarsa öz məsləhətimi verəcəm." - o qeyd edib.
Müsavat başqanı öz çıxışı zamanı AXCP-Müsavat birliyi məsələsinə dəaydınlıq gətirib.
"Bəzi qüvvələr deyirlər ki, Müsavat partiyası birləşmə ilə bağlı verdiyi sözün üstündə durmur. Mənim çıxışımın videoyazısı var.Müxtəlif saytlarda həmin video da yayınlanıb. Kim istəsə mənim təklifimə həmin videolarda yenidən baxa bilər. Mən təklif etmişəm ki, Rəsulzadə-Elçibəy yolunda olan partiyalar birləşsin. Sadəcə olaraq bu fikrə ilk müsbət reaksiya AXCP tərəfindən gəlib. Mən həmin təklifimdə AXCP-ni də, KXCP-ni də və digər demokratik qüvvələri birliyə dəvət
etmişəm." - Qəmbər vurğulayıb.
İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.
Qəmbər həmin ideyanın üzərində durduğunu deyib və Rəsulzadə-Elçibəy yolunda olan siyasi qüvvələri yenidən birliyə çağırıb.
Partiya başqanı son vaxtlar partiyadan uzaqlaşan adamların partiyanı nüfuzdan salmağa çalışdıqlarını deyib. "Mən o insanlara məsləhət görərdim ki, partiyada olduqları müddətdə necə ləyaqətlə fəaliyyət göstəriblər elə də qalsınlar." - Qəmbər əlavə edib.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan
sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük,
müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.