...

Barrozunun səfəri Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq – Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 13 Yanvar 2011 23:59 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun təkbətək görüşü olub.
Barrozunun səfəri Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq – Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

Dördüncü abzasdan sonra çıxışlar və fotoşəkillər əlavə olunub (Birinci xəbər 20 03 yayılıb)

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti
və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüş zamanı İlham Əliyev qonaqlara müraciət edərək bildirib ki Azərbaycan tərəfi Avropa Komissiyasının sədrinin səfərini gözləyirdi. "Çox şadam ki, bu ili belə bir mühüm səfərlə başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır.

Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur.
Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz!" - Azərbaycan Prezidenti deyib.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Bakıda olmağından çox məmnun qaldığını bildirib. "Sizin xeyirxah dəvətinizi məmnunluqla qəbul etdim. Fikrimcə, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir.

Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək

tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir. Mən bunu alqışlayıram. Eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirirəm. Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir" - o bildirib.

Xose Manuel Barrozunun sözlərinə görə, enerji ikitərəfli münasibətlərin təməl daşıdır. "Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik" - o deyib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti