...

2010-cu ildə Azərbaycanın hakim partiyasının sıralarına 30 min nəfərdən çox şəxs daxil olub

Siyasət Materials 26 Yanvar 2011 18:08 (UTC +04:00)
2010-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sıralarına 30 min nəfərdən çox şəxs daxil olub. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə partiyanın idarə heyətinin çərşənbə günü keçirilən iclasında qeyd olunub.
2010-cu ildə Azərbaycanın hakim partiyasının sıralarına 30 min nəfərdən çox şəxs daxil olub

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

2010-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sıralarına 30 min nəfərdən çox şəxs daxil olub. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə partiyanın idarə heyətinin çərşənbə günü keçirilən iclasında qeyd olunub.

İclasda bildirilib ki, ötən 2010-cu il ölkəmizin və YAP-ın həyatında mühüm hadisələrlə yadda qalıb. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafına, işsizliyin minimum həddə endirilməsinə, əhalinin rifahının yüksəlməsinə, Azərbaycanın regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bütövükdə, 2010-cu il Azərbaycan üçün sosial-iqtisadi göstəricilər baxımından uğurlu il kimi tariximizə daxil olub. Müzakirələrdə vurğulanıb ki, partiyanın fəaliyyətində ilin başlıca siyasi hadisəsi olan Milli Məclisə seçkilər mühüm yer tutub. Seçkilərdə "Güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası növbəti siyasi uğuru qazanıb, Milli Məclisdə 71 nəfər deputatla təmsil olunmaq hüququ əldə edib.

İdarə heyətinin iclasında qeyd olunub ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai-siyasi əhəmiyyət kəsb edən bir çox layihələrin müəllifi kimi çıxış edib. O cümlədən "Ekologiya ili" çərçivəsində Bakıda və regionlarda yaşıllıq zolaqlarının salınması tədbirlərində yaxından iştirak edib.

Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib. Avropa Xalqları Partiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Koreya Respublikasının Böyük Milli Partiyası (HANNARA) ilə dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.

Partiyanın sıralarının genişlənməsində, üzvlərinin sayının artmasında arxada qoyduğumuz il istisna olmayıb. İdarə heyətinin iclasında bildirilib ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 32186 nəfər yeni üzv qəbul olunub. Onlardan 17 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7600 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 527000 nəfərə çatıb.

İdarə heyətinin iclasında Yeni Azərbaycan Partiyasının 2010-cu ilə dair maliyyə hesabatı da dinlənilərək təsdiq olunub.

Ötən ildə Yeni Azərbaycan Partiyasının cari hesabına partiya üzvlük haqlarından 4063044 manat vəsait daxil olub. Daxil olan vəsaitin 2101176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin əməkhaqqı fondunu təşkil edib. Qalan vəsait partiya tədbirlərinin maliyyələşməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf edilib.

İclasda YAP idarə heyətinin 2011-ci ilin birinci yarımilliyinə dair iş planı geniş şəkildə müzakirə olunaraq, qəbul edilib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

YAP hazırda Azərbaycan Milli Məclisində 71 deputat ilə təmsil olunur. Partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti