...

Misirdə baş verən iğtişaşlar nəticəsində Azərbaycan səfirliyinin əməkdaşı həlak olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Yanvar 2011 13:49 (UTC +04:00)
Şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində Misirdəki Azərbaycan səfirliyinin əməkdaşı həlak olub. "Şənbə günü Qahirədə vəziyyətin gərginləşməsi nəticəsində Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub", bunu XİN-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib. Bu barədə məlumatı Trend-ə Azərbaycan XİN-indən veriblər.
Misirdə baş verən iğtişaşlar nəticəsində Azərbaycan səfirliyinin əməkdaşı həlak olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 13:07-də yayılıb)

Azərbaycan, Baku, 30 yanvar /Trend müxbir S.Ağayeva/

Şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində Misirdəki Azərbaycan səfirliyinin əməkdaşı həlak olub.  "Şənbə günü Qahirədə vəziyyətin gərginləşməsi nəticəsində Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub", bunu XİN-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib. Bu barədə məlumatı Trend-ə Azərbaycan XİN-indən veriblər.

Hazırda Misirin hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Misirdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bazar günü Misirdə olan Azərbaycan vətəndaşlarının evakuasiya olunması üçün təyyarə yola düşəcək. Mərhumun cəsədi də bu təyyarə ilə vətənə gətiriləcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, hazırda uçuşun həyata keçirilməsi üçün lazım olan texniki tədbirlər görülür. Misirdəki Azərbaycan səfirliyi Azərbaycan vətəndaşlarının təhlükəsiz evakuasiyasını təmin etmək məqsədi ilə bütün lazımi tədbirləri həyata keçirir, Poluxov deyib.
Misirdə hal-hazırda 70-ə yaxın azərbaycanlı oxuyur və yaşayır.

Xalqın etiraz aksiyaları ölkə prezidenti Hüsni Mübarəkin hökumətin istefası haqqında bəyanatlarına baxmayaraq, Misirin bütün böyük şəhərlərində davam edib. Misir lideri dünən millətə televiziya ilə müraciətində qeyd edib ki, xalqın azad şəkildə öz iradəsini bildirməsini, nümayiş hüququnu dəstəkləyir, lakin qeyd edib ki, bir sıra hallarda "nümayişçilər qanuni hədləri aşıblar".

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. 24 nəfər iğtişaşların qurbanı olub, 1,1 mindən çox yaralanıb.

Xəbər lenti

Xəbər lenti