...

Azərbaycanın müxalif Milli İstiqlal Partiyasında narazılıq yaranıb

Siyasət Materials 1 Fevral 2011 16:13 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatlarında da İctimai Palata ilə bağlı narazılıqlar var. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP sədri Yusif Bağırzadə bildirib.
Azərbaycanın müxalif Milli İstiqlal Partiyasında narazılıq yaranıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatlarında da İctimai Palata ilə bağlı narazılıqlar var. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP sədri Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, partiya funksioneri Adnan Novruzov əvvəlcədən də İctimai Palataya qoşulmağın tərəfdarı deyildi. Partiya sədri deyib ki, fikirayrılığının qarşısını almaq üçün Siyasi Şuranın iclası çağırılıb.

"Mən hələ ki bu məsələyə münasibət bildirmirəm. Siyasi Şura çağıracağıq və məsələni ətraflı araşdıracağıq. Adnan bəy partiyanın üçüncü şəxsidir, eyni zamanda Siyasi Şuranın üzvüdür və partiyada kifayət qədər səlahiyyətli insandır. Onun fikriləri nəzərə alınacaq", - Bağırzadə deyib.

Partiya sədri hesab edir ki, bu fikirayrılığı partiyada parçalanmaya səbəb ola bilməz.

"Bu məsələlər qəti şəkildə parçalanmaya səbəb ola bilməz. Biz yekdil partiyayıq və bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq. AMİP yeganə partiyadır ki, heç bir dağıntıya məruz qalmayıb. AXCP-də bu proses olub. Müsavat Partiyasında bu proses gedir, ancaq sizi inandırım ki, bizdə parçalanma ilə bağlı problem yoxdur", - Bağırzadə vurğulayıb.

AMİP funksioneri Adnan Novruzov partiyanın İctimai Palataya üzv olmasına etiraz etdiyini deyib.

Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov isə Trend-ə açıqlamasında bildirib ki, AMİP-də İctimai Palata ilə bağlı fikirayrılığı var. Orucov hesab edir ki, fikirayrılıqlarının olması normal haldır.

"Hər kəsin fərqli fikirləri ola bilər. Ancaq artıq Siyasi Şuranın qərarı var və bu qərara əsasən fəaliyyət göstərilir. Partiya İctimai Palatada öz fəaliyyətini davam etdirir. Gələcəkdə nə olacaqsa, bu, artıq gələcəyin işidir", - Orucov əlavə edib.

O, deyib ki, adətən partiyada bu kimi qərarlar qəbul olunmamışdan əvvəl yerli təşkilatların müzakirəsinə çıxarılırdı, amma seçkilərdən sonra siyasi proseslər sürətlə inkişaf etdiyinə və yeni situasiya yarandığına görə, İctimai Palataya qoşulmaq məsələsi partiya strukturlarında geniş müzakirə olunmayıb. Orucov hesab edir ki, indiki halda ən münasib variant İctimai Palatada fəaliyyəti davam etdirməkdir. O, deyib ki, yerli təşkilatlarda müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti