...

Bakıda Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 7 Fevral 2011 15:35 (UTC +04:00)
Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı (rəhbəri) Hakan Fidan fevralın 6-7-də Azərbaycanda səfərdə olub. Bu barədə Trend-ə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Bakıda Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 14:50-də yayılıb)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı (rəhbəri) Hakan Fidan fevralın 6-7-də Azərbaycanda səfərdə olub. Bu barədə Trend-ə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Səfər Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə baş tutub.

Türkiyəli qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək düzülüb.

Nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

1918-ci ildə soyqırım məqsədilə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri və nizami qoşun hissələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin də önünə əklil qoyulub.

Nazir Eldar Mahmudov Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidanı qəbul edib.

Milli təhlükəsizlik naziri Hakan Fidanın Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri kimi Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəlməsində önəmli rol oynayacağını bildirib.

Nazir Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay­canın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual vəzifə olan terror­çu­luq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi apa­rılıb, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Yüksək qonaqpərvərliyə və dolğun məlumata görə təşəkkürünü bildirən cənab Hakan Fidan, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olun­ması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, qardaş Azərbaycana səfərindən xoş təəs­süratlar aldığını qeyd edib.

Hakan Fidan dost dövlətlər olan Türkiyə və Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasi­bət­lərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəm­lən­məsi üçün səmərəli olacağına əminliyini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti