Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Sumqayıt şəhərində 1988-ci ilin fevral ayında baş vermiş hadisələrlə bağlı internet saytı istifadəyə verilib.
Trend-in məlumatına görə, bazar ertəsi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında www.sumqait.com saytının təqdimatı keçirilib.
Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, Prezident Administrasiyası tərəfindən hazırlanmış bu informasiya resursu Azərbaycan, ingilis və rus dillərində təqdim olunur.
Onun sözlərinə görə, saytın yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranmasının səbəbləri haqqında yalançı erməni təbliğatının ifşa edilməsi üzrə işimizin mühüm mərhələsidir.
PA rəsmisinin sözlərinə görə, uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq cəhdində Sumqayıt hadisələrinə istinad edir.
"Hələ 1988-ci ildə başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib. Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır", - Ələsgərov vurğulayıb.
Şöbə müdiri bildirib ki, Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməyib, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar.
Əksinə, SSRİ Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanmış və həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparmışdı.
Ələsgərov qeyd edib ki, cinayət işi təzələnəndən sonra aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxıb.
"Bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələri olması müəyyən edilib", - PA rəsmisi vurğulayıb.
Ələsgərov deyib ki, Sumqayıt hadisələrinin əvvəlcədən təşkil olunmuş erməni təbliğatı olmasını sübut edən bütün bu materiallar bu saytda yerləşdirilib.
Əsas məqsədin sayt vasitəsilə Sumqayıt hadisələri haqqında əsl həqiqətin geniş ictimaiyyətə çatdırılması olduğunu deyən Ələsgərov qeyd edib ki, erməni uydurmalarının qarşısının alınması, Sumqayıt hadisələri barədə həqiqətlərin yayılması üzrə fəaliyyətimiz yalnız saytının açılması ilə kifayətlənmir.
Ermənilərin ifşa edilməsi üçün filmlər çəkilir, məqalələr, kitablar yazılır, xarici dillərə tərcümə edilir, beynəlxalq səviyyədə gərgin iş aparılır.
"Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan dövlət televiziyası tərəfindən təkzibolunmaz faktlara əsaslanan, Sumqayıt hadisələrinə həsr olunmuş sənədli film hazırlanıb. Erməni miflərinin dağıdılması işində biz daha mütəşəkkil olmalıyıq, Azərbaycanın siyasətçiləri, ziyalıları, elm adamları, bütün vətəndaş cəmiyyəti bu işə fəal qatılmalıdır", - PA rəsmisi bildirib.
Yeddi bölmədən ibarət olan saytda Sumqayıt hadisələrinin səbəbləri, bu hadisəni təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar, cinayət işinin sənədləri, Sumqayıt ətrafında gedən proseslər, azərbaycanlılara qarşı talanlar, Sumqayıt şəhərinin qısa tarixi, azərbaycanlıların etnik təmizlənməsi, "Krunk"un tarixi və Qarabağ münaqişəsi haqqında məlumatlar verilir.