...

AXCP-dən partiyamıza uzanan əlləri kəsmişik - Əli Əliyev

Siyasət Materials 4 Mart 2011 17:15 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasından (VİP) qopmaların əsas səbəbi Xalq Cəbhəsi Partiyasının (AXCP) xüsusi iş aparmasıdır. Bu barədə cümə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.
AXCP-dən partiyamıza uzanan əlləri kəsmişik - Əli Əliyev

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Vətəndaş və İnkişaf Partiyasından (VİP) qopmaların əsas səbəbi Xalq Cəbhəsi Partiyasının (AXCP) xüsusi iş aparmasıdır. Bu barədə cümə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Bir müddət əvvəl qərargahsız fəaliyyət göstərən Xalq Cəbhəsi Partiyasının bəzi üzvləri bizim qərargaha gəlib-gedirdilər. O vaxtdan mənim məlumatım var idi ki, kimlərlə və hansı istiqamətdə iş aparılır. Detallarına qədər kim tərəfindən idarə olunduğu barədə, mütəmadi toplantılar və aldıqları təlimat haqqında dəqiq və səhih məlumatım var. Çünki onların içində də mənim adamım var idi", - Əliyev əlavə edib.

Partiya sədri qeyd edib ki, VİP-dən getdikləri indi elan olunan şəxslər əslində üç ay öncə partiyadan gediblər.

"Həmin şəxslərin istefa ərizələri üç ay bundan öncə gəlib. Artıq üç ay idi ki, onlar Vətəndaş və İnkişaf Partiyasının üzvləri deyildilər. Yəni onlar VİP-dən AXCP-yə keçməyiblər, heç bir partiya mənsubiyyəti olmayan bir vətəndaş kimi həmin partiyaya üzv olublar", - o deyib.

Əliyev hesab edir ki, müxalifəti idarə edən dairələr bu cür hərəkətlərlə VİP-i "ipə-sapa yatırmağa" çalışıblar.

"Bu cür hərəkətlər partiyanın tutduğu mövqe ilə bağlıdır. Bizim İctimai Palataya münasibətimizin konkretləşməsindən sonra bu proses başlayıb", - partiya sədri bildirib.

"Bir müddət öncə biz Liberal partiyası ilə birlikdə müxalifət partiyalarına müraciət etdik. Bu, müxalifətdaxili münasibətlərə yeni münasibətin ortaya qoyulması idi. Görünür, bizim bu hərəkətimiz müxalifəti idarə etmək istəyən adamların xoşuna gəlməyib. Mən heç kimin xoşu ilə hərəkət etmirəm və partiya rəhbəri kimi təmsilçiliyim zamanı heç kimin xoşunu nəzərə almıram", - VİP sədri vurğulayıb.

Əliyev deyib ki, VİP-də istefa verənlərin sayı üç və ya dörd nəfərdən yuxarı qalxmayacaq.

"Mən artıq partiyanın daxilinə uzanan əlləri kəsmişəm", - o bildirib.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Trend-ə açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını deyib.

Bir neçə gün öncə Vətəndaş və İnkişaf Partiyasının bir neçə üzvünün partiya sıralarını tərk edərək AXCP-yə üzv olması barədə xəbər yayılıb.

Xəbər lenti

Xəbər lenti