...

Azərbaycanda bəzi müxalifətçilər lazım olduğundan çox həvəsləniblər – partiya sədri

Siyasət Materials 5 Mart 2011 12:33 (UTC +04:00)
Azərbaycanda bəzi şəxslər ərəb dünyasında baş verən proseslərdən lazım olduğundan çox həvəsləniblər.
Azərbaycanda bəzi müxalifətçilər lazım olduğundan çox həvəsləniblər – partiya sədri

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bəzi şəxslər ərəb dünyasında baş verən proseslərdən lazım olduğundan çox həvəsləniblər. Bu barədə şənbə günü Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Bəzi qüvvələr hesab edirlər ki, birdən proseslər başlayar və "qatar gedər", lakin onlar geridə qalarlar. Düşünürlər ki, xalq onsuz da qalxacaq, ona görə onlar da xalqın qabağına düşməyə cəhd edirlər. Bu gün müxalifət partiyalarında hiss olunan fəallıq bütünlükdə bununla əlaqəlidir", - Əliyev əlavə edib.

O, hesab edir ki, müxalifətdaxili bu cür fikir ayrılıqları ümumi işə ziyandır.

"Hazırlıqsız kütləvi aksiyalar keçirmək, həmin tədbirləri nüfuzdan salmaq, hətta proseslərin başlanmasına hazır olan, cəmiyyətin daha pasionar hissəsini sıradan çıxarmağa şərait yaratmaq baş verməsi ehtimal olunan hərəkətin özünə xəyanətdir", - partiya sədri bildirib.

Azərbaycanın müxalif Müsavat Partiyası mart ayında kütləvi aksiyalar keçirməklə bağlı qərar qəbul edib. Müsavatın bu qərarı onunla müttəfiq olan digər partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Digər partiyalar hesab edirlər ki, kütləvi aksiya keçirmək haqqında qərar vermək uğurlu addım deyil.

"Əgər prosesdən ruhlanan tərəf hesab edirsə ki, ərəb dünyasında baş verən proses bizdə də baş verəcək, nəzərə almalıdır ki, orada heç bir idarəolunan proses olmayıb. Bütün dövlətlərdə spontan olaraq hərəkat qalxıb, müxalifət sadəcə olaraq sonrakı mərhələdə prosesi yönləndirməyə cəhd edib", - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda proses əksinə gedir.

"Nədənsə bizim müxalifətçilər düşünürlər ki, digərləri başlamamışdan əvvəl bu işlərə baş vurmaq lazımdır. Mən Müsavat Partiyasında qəbul olunan qərara bir söz deyə bilmərəm, çünki Konstitusiyaya görə, Azərbaycan vətəndaşlarının istənilən vaxt kütləvi tədbir keçirmək hüququ var", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti