...

Xarici ölkələrdəki prosesləri olduğu kimi Azərbaycana köçürmək mümkün deyil – müxalif partiya sədri

Siyasət Materials 7 Mart 2011 16:26 (UTC +04:00)
Azərbaycanda xarici ölkələrdə baş verən prosesləri olduğu kimi tətbiq etmək mümkün deyil.
Xarici ölkələrdəki prosesləri olduğu kimi Azərbaycana köçürmək mümkün deyil – müxalif partiya sədri

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda xarici ölkələrdə baş verən prosesləri olduğu kimi tətbiq etmək mümkün deyil. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyasının planlaşdırdığı mitinqə münasibət bildirərkən müxalif Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

"Azərbaycanın şərtləri ilə başqa ölkələrin şərtləri tamam fərqlidir. Bizdə "kopyalama" üsulu ilə yeni bir düşüncə yaratmaq, ortaya qoymaq mümkün deyil. Yerli situasiyaya görə addım atmaq lazımdır. Yerli situasiya isə daha çox islahat xarakterli olmalıdır. Hakimiyyəti çəkindirmədən, qorxutmadan, hakimiyyəti aqressivləşdirmədən islahatlara aparan yolu sınaqdan çıxarmaq lazımdır", - Mustafa əlavə edib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə də xaricdə baş verən prosesləri Azərbaycana köçürmək cəhdləri olub, lakin həmin cəhdlər uğursuzluğa düçar olub.

"Bir müddət öncə Azərbaycanda narıncı inqilab etməyə cəhdlər edilirdi, lakin həmin məsələ də effektli olmadı. Çünki köçürmə ilə heç nə əldə etmək mümkün deyil. Köçürmə üsulu Azərbaycan reallıqları ilə uzlaşdırıla bilmir", - Mustafa bildirib.

Partiya sədri hesab edir ki, Azərbaycan şərtlərinə uyğun bir mübarizə forması ortaya qoyulmalıdır.

"Bu mübarizə üsulu cəmiyyəti qorxutmayan, hakimiyyətin daha çox islahat aparmasına təşviq edə biləcək bir mahiyyət daşımalıdır. Bu, cəmiyyətimizin daha çox irəli getməsinə kömək edə bilər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti