...

İlham Əliyev Avstraliya və İspaniyanın ölkəmizə yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

Siyasət Materials 11 Mart 2011 14:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yan Devvid Qreynq Biqosun etimadnaməsini qəbul edib
İlham Əliyev Avstraliya və İspaniyanın ölkəmizə yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yan Devvid Qreynq Biqosun etimadnaməsini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yan Devvid Qreynq Biqos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Avstraliyanın xarici işlər naziri ilə ötən ilin dekabrında Astanada keçirdiyi görüşü və bu görüşdə səmərəli müzakirələrin aparıldığını xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün hər iki dövlətin qarşılıqlı iradəsinin olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin gələcəkdə müxtəlif sahələrdə daha fəal əməkdaşlıq etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər fəaliyyət sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Yan Devvid Qreynq Biqos ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən ticarət, sərmayə qoyuluşu, xalqlararası əlaqələrin inkişaf etdirilməsi üçün daha çox işlər görməyin vacibliyini dedi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.

Səfir Yan Devvid Qreynq Biqos Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev həmin gün İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales-Aller Xuradonun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kristobal Qonsales-Aller Xurado etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini deyən Prezident İlham Əliyev səfir Kristobal Qonsales-Aller Xuradonun ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan-İspaniya münasibətlərinin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının möhkəmlənməsi baxımından da önəmini vurğuladı. Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Kristobal Qonsales-Aller Xurado ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi, siyasi sahələrdə əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanın İspaniyada səfirliyinin fəaliyyət göstərməsinin önəmini vurğulayan Kristobal Qonsales-Aller Xurado ölkəsinin yaxın zamanlarda iqamətgahı Azərbaycanda olmaqla diplomatik nümayəndəliyinin fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.

İspaniyalı diplomat ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Xəbər lenti

Xəbər lenti