Azərbaycan, Bakı,12 mart /Trend/
9 mart tarixində İspaniyanın Deputatlar Konqresinin Xarici Əlaqələr Komitəsində ilk dəfə olaraq qondarma "erməni soyqırımı" məsələsi qaldırılmışdır. Bu barədə Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyindən Trend-ə bildirilib.
Kataloniya Sol Respublikaçı partiyasının ("Esquerra Republicana de Catalunya", ERC) nümayəndəsi qondarma "erməni soyqırımı" məsələsinin tanınması vacibliyini bildirərək, Türkiyə tərəfindən "soyqırımın" qəbul edilməsi üçün İspaniya hakimiyyətini təsir göstərməyə çağırdı, bunu "Ermənistana qarşı bir dostluq hərəkəti, Sivilizasiyalar Alyansı çərçivəsində regional əməkdaşlıq istiqamətində könüllü iradə addımı" kimi adlandırdı. Əsas ideologiyası Kataloniyanın müstəqilliyi olan bu partiyanın İspaniyanın Deputatlar Konqresində 3 nümayəndəsi, 4 senatoru, Katalon Parlamentində 21 nümayəndəsi və Balear Adalarının Parlamentində 1 nümayəndəsi mövcuddur.
Baskların Milliyyətçi Partiyasının ("Partido Nacionalista Vasco") nümayəndəsi həmin təklifi dəstəkləyərək, dünyada həmin "soyqırımı" qəbul etmiş ölkələri sadalayaraq, məsələnin dəstəklənməsini təklif etdi.
Daha sonra, məsələyə reaksiya verən Xalq Partiyasının ("Partido Popular", PP) nümayəndəsi, 100 il bundan əvvəl baş vermiş tarixi hadisələrə qayıtmağı məqsədəuyğun hesab etmədiklərini, ERC-nin təklifində məhz katalan yanaşmasının hiss olunduğunu bildirdi, məsələnin müvafiq ekspertlər və tarixçilər tərəfindən həll olunmasını tövsiyə etdi və PP-nin həmin təklifin əleyhinə çıxış edəcəyini qeyd etdi. O xüsusi vurğuladı ki, "soyqırımın" tanınması PP-nin "ideologiya prioritetlərinin bir hissəsi deyil".
Bu çıxışdan sonra söz götürən, hakimiyyətdə olan İspaniyanın Sosialist Partiyasının (PSOE) spikeri xanım İzabel Pozuelo, Ermənistanın ümumiyyətcə qonşu ölkələrlə münasibətlərinin çətin vəziyyətdə olduğunu, regionda həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğunu və Ermənistanın ilkin olaraq, Azərbaycanla - Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsini həll etməli olduğunu xüsusi vurğuladı.
İ.Pozuelo, regionda həmin ölkənin təkcə Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərin gərgin olduğunu, bunun nəticəsində regionda həyata keçirilən vacib layihələrdən, o cümlədən Bakı-Tiflis-Ceyhan neft-boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələrindən Ermənistanın kənarda qaldığını, və ERC-nin təklifi regionda mövcud olan vəziyyətə yardım deyil, əksinə mənfi nəticə verəcəyini bildirdi. İ.Pozuelo xüsusi vurğuladı ki, Ermənistan Avropa İttifaqı istiqamətində öz siyasətini təkmilləşdirilməlidir.
Müvafiq səsvermədə yuxarıda qeyd olunan məsələnin qəbul olunmasının əleyhinə 31 nəfər, lehinə isə iki nəfər səs verdi.
Qeyd edək ki, Səfirlik tərəfindən İspaniyanın Deputatları ilə müvafiq işlər aparılmaqdadır.