...

Azərbaycan tolerantlıq nümunəsidir - XİN rəhbəri (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 7 Aprel 2011 16:21 (UTC +04:00)
Azərbaycan inanır ki, mədəniyyət insanlar arasında münasibətlərdə əsas qüvvələrdən biridir və o, xalqları yaxınlaşdıra bildiyi kimi, şəxsi və kollektiv əlaqələrin əsasını da qoya bilər.
Azərbaycan tolerantlıq nümunəsidir - XİN rəhbəri (ƏLAVƏ OLUNUB-2)

Son üç abzas əlavə olunub (ilk xəbər 15:04-də yayılıb)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycan inanır ki, mədəniyyət insanlar arasında münasibətlərdə əsas qüvvələrdən biridir və o, xalqları yaxınlaşdıra bildiyi kimi, şəxsi və kollektiv əlaqələrin əsasını da qoya bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

"Mədəniyyətlərin müxtəlifliyi məsələsində nail olduğumuz reallıqlar barədə danışmaq çox vacibdir. Biz mədəni müxtəliflik və ünsiyyət mədəniyyəti haqqında danışırıqsa, bizim buna necə nail olmağımız məsələsi ortaya çıxır", - nazir bildirib.

"Belə əməkdaşlığı qurmaq və ya yeni formalarını təqdim etmək, yaxud artıq mövcud formaları daha səmərəli möhkəmləndirmək sualı meydana gəlir", - o vurğulayıb.

Nazirin fikrincə, əməkdaşlığın yeni formaları təqdim edilən zaman onun necə görünəcəyi məsələsi ortaya çıxır. "Digər tərəfdən, artıq mövcud əməkdaşlıq formalarının möhkəmləndirilməsini gözləmək olarmı? - bu sual isə hamımıza aiddir", - nazir əlavə edib.

Məmmədyarovun sözlərinə görə, hər iki variantın uğurla həyata keçməsi üçün vacib olan hər şeyi etmək lazımdır.

"Dünyada, regionumuzda və Yaxın Şərqdəki son hadisələrə baxsaq, belə məsələlər xüsusilə vacibdir və güman edirəm ki, anlaşmanın yaxşılaşdırılmasında mədəniyyətin rolu ən vaciblərdən biridir, - o bildirib. - Mən şəxsən inanıram ki, biz Azərbaycanda mədəni müxtəlifliyə, müxtəlif din və millətlərin dinc və yanaşı yaşamasına nail olmuşuq".

Onun sözlərinə görə, Azərbaycan anlayır ki, qarşısında çoxlu çağırışlar var.

"Lakin biz inanırıq ki, Azərbaycanda mövcud olan tolerantlıq əsrlər boyu əldə edilən nailiyyətlərdən biridir və bu, yaxşı nümunədir", - o qeyd edib.

"Bu səbəbdən forum çox vacibdir və belə forumları tez-tez təşkil etmək lazımdır ki, toplaşaraq bir-birimizlə söhbət edək", - Məmmədyarov vurğulayıb.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

"İnformasiya texnologiyaları, xüsusilə də internet, sosial şəbəkələr demək olar ki, hər bir insanın həyatının tərkib hissəsinə çevrilib. Mədəni müxtəliflik haqqında danışan zaman internetin müsbət rolunu qeyd etmək lazımdır, çünki hər bir kəs onun sayəsində, məsələn, Luvr kimi muzeylərə və dünya mədəniyyətinin digər incilərinə çıxış əldə edə bilir", - nazir əlavə edib.

"İnformasiya texnologiyalarının inkişafı davamlı inkişafa nail olmaqda böyük rol oynayan çox maraqlı təzahürdür. Bundan başqa, internet vətəndaş cəmiyyətinin mətbuat azadlığı, jurnalistlər üçün imkanlar kimi mövzularda müzakirələr üçün geniş meydan təmin edir", - o bildirib.

"İnanıram ki, XXI əsrdə bütün bu informasiya texnologiyalarından istifadə mədəniyyətlərarası dialoqda və mədəniyyətlərin müxtəlifliyində tamamilə yeni səhifə açacaq", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti