...

Azərbaycan regional təhlükəsizliyə və sosial-iqtisadi tərəqqiyə mühüm töhfələr verir - Prezident İlham Əliyev

Siyasət Materials 12 Aprel 2011 16:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev XIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubu ünvanlayıb, məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan regional təhlükəsizliyə və sosial-iqtisadi tərəqqiyə mühüm töhfələr verir - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev XIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubu ünvanlayıb, məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli toplantı iştirakçıları! Sizi salamlayır və on dördüncü Avrasiya İqtisadi Zirvə Toplantısının işə başlaması münasibətilə təbrik edirəm.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı və Türkiyə dövlətinin dəstəyi ilə hər il keçirilən bu ənənəvi toplantılara dünyada maraq durmadan artmaqdadır. Beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə əlavə imkanlar yaradan belə toplantılara Azərbaycan həmişə xüsusi əhəmiyyət verir", - təbrik məktubunda qeyd edilib.

İlham Əliyev təbrikində bildirib ki, dünyada yaşayan bütün xalqların mənafeləri və təhlükəsizliyinin etibarlı təminatı dövlətlər arasında iqtisadi, humanitar və mədəni əməkdaşlığın qurulmasını, aqressiv separatizmə, terrora, yoxsulluğa, ekoloji problemlərə və bəşəriyyəti təhdid edən digər qlobal təhlükələrə qarşı birgə mübarizənin aparılmasını qaçılmaz edir.

"Azərbaycan Respublikası əksər bəşəri çağırışlara cavab olaraq, dünya və region dövlətləri ilə bütün sahələrdə sıx əməkdaşlığa, inteqrasiya proseslərinin dərinləşməsinə üstünlük verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, transmilli kommunikasiya imkanları qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün münbit şərait yaradır. Biz daim ölkəmizin potensialından digər xalqların da faydalanmasına çalışmış, Azərbaycanın müxtəlif güc mərkəzlərinin rəqabət meydanı deyil, əməkdaşlıq məkanı olduğunu bəyan etmişik. Azərbaycan öz qonşuları və dünyanın digər ölkələri ilə qarşılıqlı maraqlara söykənən münasibətləri inkişaf etdirməklə regional təhlükəsizliyə və sosial-iqtisadi tərəqqiyə mühüm töhfələr verir.
İnanıram ki, bugünkü Forumda tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə keçirilən müzakirələr hər birimizi narahat edən bəşəri problemlərin həlli, dövlətlər və xalqlar arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün yeni imkan və vasitələrin tapılmasına xidmət edəcəkdir.
Sammit iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar arzulayıram", - təbrik məktubunda bildirilib.

Xəbər lenti

Xəbər lenti