...

Azərbaycanla Rumıniya arasında imzalanan sənədlər möhkəm hüquqi baza yaradıb - spiker

Siyasət Materials 19 Aprel 2011 14:47 (UTC +04:00)
Azərbaycanla Rumıniya arasında dostluq əlaqələrinin qədim tarixi var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlər yeni müstəvidə inkişaf etməyə başlayıb.
Azərbaycanla Rumıniya arasında imzalanan sənədlər möhkəm hüquqi baza yaradıb - spiker

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Rumıniya arasında dostluq əlaqələrinin qədim tarixi var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlər yeni müstəvidə inkişaf etməyə başlayıb. Trend-in məlumatına görə, bunu Milli Məclisdə Rumıniya Prezidenti Trayan Besesku ilə görüşündə spiker Oqtay Əsədov bildirib.

"Dövlətlərimizin başçılarının səyi, qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu günədək ölkələrimiz arasında əməkdaşlığa dair 52 sənəd imzalanıb. Bu sənədlər əməkdaşlığımızı daha da genişləndirmək üçün möhkəm hüquqi baza yaradıb", - Əsədov deyib.

Milli Məclisin sədri Rumıniya Prezidentini iki ölkə arasındakı xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik edib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonra spiker ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ölkəmizin iri regional layihələrdə iştirakı və digər məsələlər barədə məlumat verib.

Besesku isə çıxışında deyib ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və yaxın dostudur.

"Biz Azərbaycana təkcə neft və qaz ixrac edən ölkə kimi baxmırıq. Azərbaycan həm də regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan dövlətdir", - Rumınya Prezidenti deyib.

Besesku bildirib ki, Rumıniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir.

"Biz problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq", - o əlavə edib.

Rumıniya Prezidentinin Azərbaycana ikigünlük səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti