...

Pakistan mətbuatında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Siyasət Materials 29 Aprel 2011 18:14 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Pakistanda ingilis dilində nəşr olunan "States Times" qəzetində müsahibəsi dərc olunub.
Pakistan mətbuatında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Pakistanda ingilis dilində nəşr olunan "States Times" qəzetində müsahibəsi dərc olunub. Trend-in Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, müsahibədə səfir Pakistan-Azərbaycan münasibətləri, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar pakistanlı jurnalist Zahida Amirin suallarını cavablandırıb.

O qeyd edib ki, Azərbaycanla Pakistan qardaş ölkələrdir.

"Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini birmənalı şəkildə qınayıb, məhz bu səbəbdən də Ermənistanın müstəqilliyini tanımayıb və onunla heç bir münasibət qurmayıb. Azərbaycan da öz növbəsində Kəşmir məsələsinin BMT qətnamələrinin tələblərinə uyğun şəkildə həllini dəstəkləməklə Pakistanın mövqeyini müdafiə edir", - səfir vurğulayıb

Ermənistanın torpaqlarımızı işğal etməsi faktına toxunan Şikarov qeyd edib ki, bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb.

"Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında xalqımızın mədəni irsinə aid nümunələri, məscidləri, tarixi sarayları, turizm mərkəzlərini tamamilə məhv ediblər. BMT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qətnamələri ermənilərdən işğal etdikləri torpaqlardan çıxmağı tələb etsə də, onlar buna məhəl qoymurlar", - Şikarov müsahibəsində deyib.

Səfir Pakistanla Azərbaycan arasında mövcud olan iqtisadi və ticarət münasibətlərindən də danışıb.

"Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq üçün hüquqi baza rolu oynayan 30-dan artıq müqavilə imzalanıb. Bununla yanaşı, mövcud iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir. Müdafiə sənayesi, enerji, tekstil sənayesi, tibb məhsulları istehsalı və kənd təsərrüfatı sahələrində əlverişli əməkdaşlıq imkanları mövcuddur. Səfirlik də iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində mühüm səy göstərir", - səfir deyib.

Sonda səfir Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğunu və gündən günə inkişaf etdiyini, bundan sonra da səfirliyin buna öz töhfəsini verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

(Məqalənin tam mətnini aşağıdakı keçid vasitəsilə oxumaq mümkündür: http://www.statestimes.com/2011/04/28/the-relationships-between-pakistan-and-azerbaijan-are-superlative-shikarov/).

Xəbər lenti

Xəbər lenti