Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan məhsullar Türkiyədə keçiriləcək "IDEF-2011" sərgisində nümayiş etdiriləcək . Bu barədə cümə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatına görə, bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti mayın 10-dan 13-ə qədər Türkiyədə səfərdə olacaq.
Sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsullarla qatıldığı altıncı sərgidir. Bundan öncə nazirlik "IDEF-2009", "SOFEX-2010", "MSPO", "AAD-2010" və "IDEX-2011" sərgilərində təmsil olunub.
İlk dəfə olaraq "IDEF-2009" beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məhsul nümayiş etdirəcək. Nazirlik "IDEF-2011" sərgisində indiyədək qatıldığı sərgilərdə nümayiş etdirdiyi məmulatlarla yanaşı, pilotsuz uçan aparatlar, yeni növ atıcı silahlar və döyüş sursatlarının da nümayiş etdirilməsini nəzərdə tutur.
Sərgidə Türkiyə ilə yanaşı ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir.
"IDEF-2011" sərgisi çərçivəsində nazir Yavər Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərilə görüşü də nəzərdə tutulur.