Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda müxalifət məfhumunu inhisara almağa çalışan müxalifətçilər var. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
O, bildirib ki, Azərbaycan müxalifəti anlayışı kifayət qədər geniş və rəngarəngdir. Azərbaycan müxalifətinə radikalçılar, mərkəzçi və konstruktiv mövqedə dayanan müxalifətçilər daxildir. Bunların da əhəmiyyətli hissəsi Azərbaycan Parlamentində təmsil olunub.
"Azərbaycan Parlamentində təmsil olunan müxalifət bir araya gələ bilirsə və Parlamentin müxalifət qrupunu yaratmaq fikrinə düşüblərsə, bunu normal qarşılamaq lazımdır. Amma bilmirəm ki, ideologiya baxımından bir-birindən kəskin fərqlənən bu partiya nümayəndələri eyni qrupun mövqeyini ifadə etməyi bacaracaqlarmı?", - Əhmədov deyib.