Azərbaycan, Bakı, 18 may /Trend/
İranın daxili işlər naziri Mustafa Nəccarın sərəncamı ilə ölkənin Seçkilər Təşkilatına yeni sədr təyin olunub. Yeni sədr daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyid Sulət Mürtəzəvidir. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Mürtəzəvi 2012-ci il martın 2-də keçiriləcək növbəti parlament seçkilərinin təşkilinə rəhbərlik edəcək.
İranda mayın 23-dən doqquzuncu çağırış parlament seçkilərinin hazırlığına başlanacaq.
İndiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 260 partiya qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir.
İranda seçkiləri Daxili İşlər Nazirliyi keçirir, Keşikçilər Şurası isə seçkilərə nəzarət edir.