Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan məcburi köçkünlərin layiqli həyatının təmini üçün çox səy göstərib. Trend-in məlumatına görə, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.
"Mənim Azərbaycana bundan əvvəlki səfərimdən ötən 5 il ərzində ölkədə qaçqın və məcburi köçkünlərin mənzil, səhiyyə, təhsil şəraitinin yaxşılaşdıırlması ilə bağlı böyük işlər görülüb", - Quterreş bildirib.
Onun sözlərinə görə, onun səfərinin məqsədlərindən biri BMT-nin bu istiqamətdə Azərbaycanda aparılan işlərə dəstəyinin nümayiş etdirilməsidir.
Əli Həsənov görüşdə deyib ki, Quterreşin Azərbaycana bundan əvvəlki səfərindən ötən 5 il ərzində qaçqın və məcburi köçkünlərin çoxlu problemləri həll edilib, müvafiq dövlət proqramı qəbul edilib.
"Eyni zamanda, hələ də ağır şəraitdə yaşayan 400 minə yaxın qaçqın var", - Həsənov bildirib.
"Gələcəkdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə işlər davam etdiriləcək", - o qeyd edib.
Ali komissar görüşdə qeyd edib ki, bu istiqamətdə Azərbaycanda aparılan işi hər vəchlə dəstəkləyəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.