...

Xəzəryanı regionda inteqrasiya proseslərinin inkişafı Rusiya və Azərbaycandan asılıdır - RF Prezidenti İdarəsinin rəisi

Siyasət Materials 19 May 2011 15:26 (UTC +04:00)
Xəzər regionunda inteqrasiya proseslərinin inkişafı daha çox Rusiya və Azərbaycandan asılıdır. Bunu bu gün Həştərxanda açılan II Rusiya-Azərbaycan regionlararası forumunda RF Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr İdarəsinin rəisi Sergey Vinokurov bildirib.
Xəzəryanı regionda inteqrasiya proseslərinin inkişafı Rusiya və Azərbaycandan asılıdır - RF Prezidenti İdarəsinin rəisi

Rusiya, Həştərxan, 19 may /Trend, xüsusi müxbir V.Tukayev/

Xəzər regionunda inteqrasiya proseslərinin inkişafı daha çox Rusiya və Azərbaycandan asılıdır. Bunu bu gün Həştərxanda açılan II Rusiya-Azərbaycan regionlararası forumunda RF Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr İdarəsinin rəisi Sergey Vinokurov bildirib. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

"Ölkələrimizi Xəzər dənizinin statusunun nizamlanmasına cəhd birləşdirir. Eləcə də Bakıdakı Xəzər sammitində deyildiyi kimi, bütün Xəzəryanı dövlətlərin əməkdaşlığının perspektivli formalarından biri Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı ola bilər", - Vinokurov deyib.

Onun sözlərinə görə, Həştərxandakı forum Azərbaycan və Rusiyanın bir il əvvəl Bakıda başladığı dialoqun davamı olub.

"Bu gün biz sizinlə sistemli qarşılıqlı fəaliyyət, effektiv həllər axtarışı və müqavilələrin reallaşdırılması üçün daha bir meydanı formalaşdırdıq. Şübhəsiz, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin tonallığını və tempini Dmitri Medvedevlə İlham Əliyev arasında yaranan dialoqun yüksək siyasi səviyyəsi müəyyən edir. Və biz həm regional, həm də dövlətlərarası səviyyədə bir sıra məsələlərdə mövqelərimizin yaxınlaşdığını görürük", - İdarə rəisi deyib.

Vinokurovun çıxışında iki ölkənin iqtisadi əməkdaşlığına xüsusi yer ayrılıb. Həmçinin, o qeyd edib ki, ötən il Azərbaycanla Rusiya arasında mal dövriyyəsi 1,9 milyard dollar təşkil edib və tərəflər bu göstərici üzrə 2 milyard dollar rəqəminə yaxınlaşırlar. Biznes sahəsində birbaşa əlaqələrin sayı artır, qarşılıqlı investisiyalar çoxalır.

"Bu gün Azərbaycan bazarında 500-dən artıq Rusiya müəssisəsi fəaliyyət göstərir. Azərbaycanlı sərmayədarlar da Rusiya ərazisindəki istehsalat obyektlərinə investisiya qoyurlar. Qarşılıqlı əlaqələrimiz maliyyə-bank sektoru sahəsində də inkişaf edir", - o deyib.

Vinokurovun sözlərinə görə, Azərbaycan-Rusiya əməkdaşlığı humanitar sahədə də fəal inkişaf edir.

"Ötən ilin noyabrında Bakıda Azərbaycan Prezidentinin hamiliyi ilə birinci Rusiya-Azərbaycan Humanitar Forumu keçirildi və o, böyük müsbət əks-səda doğurdu. İkinci forumun bu ilin sentyabrında keçirilməsi planlaşdırılır", - Vinokurov deyib və humanitar sahədə həyata keçirilən daha bir neçə layihəni göstərib.

Xəbər lenti

Xəbər lenti