...

Azərbaycanın Əmək Nazirliyi ilə Dünya Bankının birgə layihələri müzakirə olunub

Siyasət Materials 24 May 2011 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Hacıyev/

Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla görüşüb. Görüşdə birgə layihələrin icrası sahəsində vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ölkədə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı barədə nümayəndə heyətinə ətraflı məlumat verən nazir bu sahədə görülən işlərin aztəminatlı əhali qruplarının rifahında müsbət dəyişikliklər yaratdığını qeyd edərək, Azərbaycan hökumətinin yoxsulluğun aradan qaldırılmasında aktiv tədbirlərə üstünlük verdiyini vurğulayıb. Bu istiqamətdə pilot layihə kimi həyata keçirilən "Özünədəstək" - birdəfəlik ünvanlı yardım layihəsindən söz açan Ələkbərov bu layihənin əhali, xüsusən kənd əhalisi tərəfindən rəğbətlə qarşılandığını, layihənin cari ildə daha üç rayonda, gələn ildən isə bütün ölkədə icra ediləcəyini bildirib.

Əsəd Alam ünvanlı dövlət sosial yardım proqramının regionda ən uğurlu layihələrdən biri olduğunu deyib. O, Azərbaycan hökumətinin həyata keçirdiyi bu proqramın, eləcə də aztəminatlı ailələrə aktiv dəstək proqramı olan "Özünədəstək" - birdəfəlik ünvanlı yardım layihəsinin əhəmiyyətindən danışıb və belə layihələrin aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasında böyük rol oynadığını deyib.

Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ölkəmizdə sosial müdafiə işinin inkişafı sahəsində bundan sonra da yeni layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti