...

Viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlamaq üçün Aİ-nin razılığı gözlənilir - xarici işlər nazirinin müavini (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 May 2011 12:22 (UTC +04:00)

Dördüncü abzasdan sonra Mahmud Məmmədquliyevin sözləri əlavə olunub (ilk xəbər 11:59-da yayılıb)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

2011-ci ilin ikinci yarısında Aropa İttifaqının viza rejiminin sadələşdirilməsi, readmissiya məsələləri ilə bağlı Azərbaycanla danışıqlara başlamaq üçün razılıq verəcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Razılıq verildikdən sonra bu məsələ ilə bağlı danışıqlara başlanılacaq", - Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı-Azərbaycan Milli Məclisi Əməkdaşlığı Komitəsi çərçivəsində təhsil, səhiyyə sahəsində yeni yaradılmış dördüncü alt komitənin ilk iclasının iyunun ortalarında Bakıda keçiriləcəyi gözlənilir.

Nazir müavini bildirib ki, Əməkdaşlıq Komitəsinin növbəti iclası sentyabrda Bakıda keçiriləcək.

Məmmədquliyev qeyd edib ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında assosiasiya haqqında sazişinin hazırlanması üzrə danışıqların müzakirəsi üçün növbəti plenar iclas iyunun sonu - iyulun əvvəlində keçiriləcək.

"İclasda müzakirə olunacaq məsələyə gəlincə, ortada müvafiq sənəd və təkliflər var. Deyə bilmərəm ki, bu, son görüş olacaq. Bu məsələdə çox işlər hələ qabaqdadır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, hazırda videokonfranslar vasitəsilə danışıqlar aparılır.

Məmmədquliyev deyib ki, Aİ ilə Azərbaycan arasında yeni layihənin icrasına başlanılır. "Ticarət, ədliyyə və dövlət qulluqçularının hazırlanması sahələrini əhatə edən layihədə bir neçə qurum iştirak edir. İndi müvafiq məlumatlar toplanılır, sonra hər üç istiqamət üzrə islahatlar proqramı hazırlanacaq və Azərbaycanda tətbiq olunacaq", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti