...

Azərbaycanın Misirdəki səfiri "The Oil and Gas Year" jurnalına müsahibə verib

Siyasət Materials 26 May 2011 13:57 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev "The Oil and Gas Year" jurnalının 2010-cu ilin yekunlarına həsr olunmuş növbəti sayına müsahibə verib.
Azərbaycanın Misirdəki səfiri "The Oil and Gas Year" jurnalına müsahibə verib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev "The Oil and Gas Year" jurnalının 2010-cu ilin yekunlarına həsr olunmuş növbəti sayına müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Abdullayevin müsahibəsi Azərbaycanın neft sənayesinin tarixi, "Əsrin müqaviləsi", respublikamızın neft-qaz ixrac infrastrukturu, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirakı, neft-qaz və iqtisadiyyatın digər sahələrində Azərbaycan ilə Misir arasında əməkdaşlığın perspektivlərinə həsr olunub.

Müsahibədə XIX əsrdə Azərbaycanın dünya neft sənayesində aparıcı dövlət olduğunu və XX əsrin əvvəllərində dünya neft hasilatının yarısının Azərbaycanın payına düşdüyünü qeyd edən Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyası əsasında 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladığı barədə məlumat verib.

O, bu sazişin Azərbaycanın neft tarixində yeni başlanğıc olduğunu və bu sazişin ardınca 19 ölkədən 41 neft şirkəti ilə 26 neft-qaz sazişinin imzalandığını oxucuların diqqətinə çatdırıb.

Bu sazişlə Xəzər dənizində yeni əməkdaşlıq mühitinin təşəkkül tapdığını deyən səfir hal-hazırda Azərbaycanın şaxələndirilmiş neft-qaz ixrac kəmərləri vasitəsilə qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayaraq, uğurlu neft strategiyasının davamı kimi, Azərbaycanın potensial qaz ixracatçısına çevrildiyini və dünya qaz bazarının sabit inkişafına töhfə verdiyini qeyd edib.

Neft-qaz gəlirlərinin şəffaf və səmərəli şəkildə idarə olunması üçün Azərbaycanda Dövlət Neft Fondunun təsis edildiyini və gəlirlər barəsində bütün məlumatların ictimaiyyətə tam açıq olduğunu bildirən Abdullayev Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə ilk qoşulan və onun icrasını uğurla həyata keçirən qabaqcıl dövlət olduğunu nəzərə çatdırıb.

Azərbaycan-Misir əlaqələrinə toxunan səfir Azərbaycanın tarixən İslam dünyasının bir hissəsi olduğunu və İslam sivilizasiyasının mütərəqqi dəyərlərini və irsini bölüşdüyünü qeyd edərək, müstəqilliyini əldə etdikdən etibarən Azərbaycanın ərəb-İslam dünyası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini və bu strateji xətt üzrə Azərbaycan-Misir əməkdaşlığının inkişaf etdiyini bildirib.

Misir ilə Azərbaycan arasında enerji, ərzaq və kənd-təsərrüfatı, əczaçılıq, turizm, informasiya və kommunikasiya texnologiyaları kimi sahələrdə perspektiv əməkdaşlıq imkanlarının olduğunu bildirib.

O, qeyd edib ki, Misirin keçmiş neft naziri Samih Fəhmi və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin qarşılıqlı səfərləri neft-qaz sahəsində birgə işbirliyi üçün yeni üfüqlər açıb.

Xəbər lenti

Xəbər lenti