...

Boris Tadiç: Serbiya Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır

Siyasət Materials 9 İyun 2011 01:41 (UTC +04:00)
Ölkələrimiz arasında mövcud olan bir çox məsələləri müzakirə etdik. Biz, eyni zamanda, bu gün bir çox sənədi imzaladıq. Bu, əslində bizim ölkələrimiz - Serbiya ilə Azərbaycan arasında bir çox sahədə əlaqələrin təzahürüdür
Boris Tadiç: Serbiya Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır

Ölkələrimiz arasında mövcud olan bir çox məsələləri müzakirə etdik. Biz, eyni zamanda, bu gün bir çox sənədi imzaladıq. Bu, əslində bizim ölkələrimiz - Serbiya ilə Azərbaycan arasında bir çox sahədə əlaqələrin təzahürüdür. Biz görürük ki, siyasi münasibətlərimiz strateji səviyyəyə qalxır, bunu Serbiya prezidenti son bir neçə il ərzində bu münasibətlər daha da dinamik və intensiv xarakter daşıyır, bunu Serbiya Prezidenti Boris Tadiç Belqradda mətbuata bəyanatla çıxışı zamanı bildirib.

"Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır. Ölkələrimiz arasında oxşarlıqlar da vardır. Söhbət burada Dağlıq Qarabağ və Kosovo məsələlərindən gedir. Serbiya Respublikası Azərbaycanın hər hansı bir hissəyə bölünməsinin tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır. Əslində bu, bizim mətbuat konfransında bəyanatımızın əsas hissəsidir. Mən, eyni zamanda, cənab Prezidentə təşəkkürümü bildirdim. Cənab Prezidentin Kosovo məsələsində tutduğu mövqe ilə bağlı təşəkkürümü bildirdim" Tadiç əlavə edib, məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

Onun sözlərinə görə, Azərbaycan Serbiyanın ərazi bütövlüyünü və Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
"Bu prinsiplər hesab edirik ki, beynəlxalq hüququn vacib, təməl prinsipləridir. Əslində bu, ölkələrimiz üçün də çox mühüm bir məsələdir.
Biz, eyni zamanda, bir çox digər sahələrdə əməkdaşlığımızı müzakirə etdik. Biz bu gün müxtəlif sahələrə aid sənədləri imzaladıq. Lakin hesab edirik ki, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Azərbaycan bu gün böyük həcmdə neft və qaz hasil edir. Azərbaycanın bu sahədə mövqeləri qlobal səviyyədə güclənir və Azərbaycan böyük layihələrə imza atır.

Əslində Gürcüstan, Rumıniya və Azərbaycan bir mühüm layihə üzərində işləyir. Çox ümid edirik ki, Macarıstan da bu yaxınlarda həmin layihəyə qoşulacaq və bu, böyük bir qaz layihəsi olacaqdır. Ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir.

Biz əməkdaşlığımızın digər sahələrini müzakirə etdik. Energetika, tikinti, terminallar, sıxılmış maye qaz sahələrini nəzərdən keçirdik. Biz hesab edirik ki, qazın saxlanılması anbarlarının tikintisində əməkdaşlıq edə bilərik. Əslində bu, regionumuz üçün çox vacibdir, xüsusən də qış mövsümündə. Hesab edirik ki, Azərbaycanla xüsusi əməkdaşlığımız olmalıdır. Çünki biz görürük ki, bütün dünyada enerji problemləri üzə çıxır. Nüvə enerjisi ilə bağlı bəzi qəzalar baş verir. Buna görə də, ümumiyyətlə, Avropa üçün daha çox qaz vacibdir, nəinki nüvə enerjisi. Biz belə hesab edirik.

Ona görə Azərbaycanın bu sahədəki addımlarının vacibliyi get-gedə artır. Bununla bağlı mən cənab Prezidentə təşəkkürümü bildirirəm və onu təbrik edirəm ki, əslində Azərbaycan bu sahədə - qazın hasilatı sahəsində böyük addımlar atmışdır və bu, ölkənin iqtisadiyyatının inkişafına kömək etmişdir" Serbiyanın dövlət başçısı vurğulayıb.
Tadiçin sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan, həmçinin ön cərgələrdə gedən ölkədir ki, regionda öz mövqeyini tutur, öz mədəni irsini, özünəməxsusluğunu qoruyur. Biz nəinki energetika, bir çox digər iqtisadi sahələrdə də əməkdaşlıq edirik.

"Əməkdaşlığımızın sahələrindən biri mədəniyyət sahəsində mübadilələrdir. Mən cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Belqradda mədəniyyət ocaqlarının tikintisi ilə bağlı ayrılan maliyyə yardımı da mühüm əhəmiyyət kəsb edir. Biz xüsusi bir yanaşmadan istifadə edərək ətraf mühitin qorunmasına da xüsusi diqqət yetiririk. Gələcəkdə bununla bağlı bir çox nəticələr əldə edə bilərik. Biz, eyni zamanda, infrastruktur sahəsində əməkdaşlığımızı da müzakirə etdik. Azərbaycan şirkətləri olduqca tanınan şirkətlərdir. Onlar bir çox ölkələrdə yollar çəkirlər, körpülərin tikintisi ilə məşğuldurlar.

Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir fikrə gəldik ki, Azərbaycan şirkəti ilə birgə bizim şirkətlər Serbiyada dəmir yolu xəttinin tikintisi ilə məşğul olsunlar. Bizim, ümumiyyətlə, fikrimiz var ki, Çindən Xəzər dənizi regionu vasitəsilə, Azərbaycan vasitəsilə Avropaya belə bir ümumi çıxış, marşrut təmin edilsin. Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki, Çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola bilər.
Biz, eyni zamanda, səhiyyə sahəsinə də toxunduq.

Biz müdafiə sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Əslində elə bir iqtisadi sahə qalmadı ki, biz onu nəzərdən keçirməyək. Biz bu danışıqlarımızdan çox məmnunuq. Biz imzalanmış sənədlərdən olduqca şadıq. Hökumətlərimiz arasında bu addımlar artıq atıldı. Hesab edirik ki, bu anlaşma çox gözəldir. Atdığımız bu addımlar hətta bizi onilliklərə doğru aparan bir addımlardır. Azərbaycan ilə Serbiya arasında xüsusi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.

Sonda mən bir daha əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə, xüsusən də mədəni sahədə verilmiş yardıma görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Çünki biz əməkdaşlığımızın bu aspektini nəzərdən keçirdik, müzakirə etdik. Əslində bu məsələ uzun perspektivi olan məsələdir. Biz Bakıda və Belqradda mədəniyyət mövzusunda seminarın keçirilməsi məsələsini də müzakirə etdik.

Cənab Prezident Əliyev, Serbiyaya xoş gəlmisiniz. Özünüzü burada öz evinizdəki kimi hiss edin. Necə ki, mən Bakıya səfərim zamanı özümü öz evimdə hiss etdim. Bir daha çox sağ olun" Boris Tadiç bildirib.

Xəbər lenti

Xəbər lenti