...

Özbəkistan Azərbaycanla hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır - müdafiə naziri

Siyasət Materials 14 İyun 2011 16:27 (UTC +04:00)
Özbəkistan Azərbaycanla bütün sahələrdə, eləcə də hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.
Özbəkistan Azərbaycanla hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır - müdafiə naziri

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Özbəkistan Azərbaycanla bütün sahələrdə, eləcə də hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyev çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair hökumətlərarası saziş mövcuddur və səfərinin əsas məqsədi əməkdaşlığın daha da genişləndirilməsi yollarını axtarmaqdır.

Görüşdə Milli Məclisin sədri deyib ki, əlaqələrimizin strateji tərəfdaşlıq dərəcəsinə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu var.

"Prezidentlərimiz qarşılıqlı səfərləri zamanı əməkdaşlığımızın hərtərəfli inkişafına dair çoxsaylı sənədlər imzalayıblar. Bu sənədlər həm də hərbi sahədə əlaqələrimizi genişləndirməyə imkan yaradır", - Əsədov bildirib.

Spiker özbəkistanlı nazirin səfərinin münasibətlərimizin daha da genişlənməsinə xidmət edəcəyinə inandığını bildirib.

Söhbətdə parlamentin sədri Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verərək problemin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırıb. Spiker Azərbaycanın haqq səsini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Özbəkistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti