Azərbaycan, Bakı, 12 iyul /Trend /
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin, eləcə də Türkiyənin regionları ilə ticarət və investisiya münasibətlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin və Samsun Ticarət və Sənaye Palatasının təşəbbüsü, AZPROMO və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının dəstəyi ilə iyulun 14-də Türkiyənin Samsun şəhərində iş adamları ilə toplantının keçirilməsi planlaşdırılır.
Azərbaycanın Ankaradakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı səfir Faik Bağırovun Samsun Valisi Hüseyin Aksoyla, Bələdiyyə Başçısı Yusuf Ziya Yılmazla və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin Sədri Salih Zeki Murzioğlu ilə görüşü keçiriləcək.
Samsunlu iş adamları ilə görüş zamanı Azərbaycandakı investisiya mühiti, qanunvericilik, investisiya imkanları ilə bağlı təqdimat həyata keçiriləcək, ölkəmizin iqtisadiyyatını, turizmini, mətbəxini və mədəniyyətini, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini təbliğ edən tanıdıcı materiallar paylanacaq. Samsuna səfəri çərçivəsində səfir Faiq Bağırovun Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.
Səfirlikdən bildiriblər ki, Türkiyənin Qara dənizdəki ən böyük liman şəhəri olan Samsunda, hazırda 5 sənaye zonası, 14 kiçik sənaye şəhərciyi fəaliyyət göstərməkdədir. İl ərzində 3 milyon tondan çox yükləmə-boşaltma fəaliyyəti həyata keçirilən Samsun limanı və digər özəl 3 liman, Türkiyə Dövlət Dəmir yollarına məxsus logistika mərkəzi şəhərin ticarət imkanlarını artırmaqdadır.