...

Misir və Azərbaycan arasında ticarət dövriyyəsi rekord göstəriciyə çatıb - səfir

Siyasət Materials 16 İyul 2011 09:00 (UTC +04:00)
İlin əvvəlindən Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artması rekord səviyyəyə - 100 min dollara çatıb
Misir və Azərbaycan arasında ticarət dövriyyəsi rekord göstəriciyə çatıb - səfir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/

İlin əvvəlindən Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artması rekord səviyyəyə - 100 min dollara çatıb. Bu barədə Trend-ə müsahibəsində Misirin Azərbaycandakı səfiri Sabir Mansur deyib.

"Misir və Azərbaycan arasında ticarət münasibətləri yaxşı səviyyədə inkişaf edir. Ticarət dövriyyəsi ildən-ilə artır", - diplomat bildirib.

Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında o, Azərbaycanda işləməyə başlayanda qarşılıqlı ticarət dövriyyəsi 2-3 milyon dollar olub. 2009-cu ilin yekunları üzrə bu rəqəm artıq 10 milyon dollar təşkil edib, 2010-cu ildə isə ticarət dövriyyəsi 40 milyona çatıb.

"Hazırda biz bu göstəricinin 100 milyon dollara kimi kəskin artımını müşahidə edirik", - Mansur qeyd edib.

Səfirin fikrincə, bu artım onunla əlaqədardır ki, Azərbaycan Misirlə neft emalı sahəsində əməkdaşlıq etməyə başlayaraq İsgəndəriyyə neft emalı zavoduna və İsgəndəriyyə yaxınlığında Midor zavoduna neft tədarük edir.

Azərbaycana Misir məhsullarının tədarükünə gəldikdə, bu, əsasən tibbi ləvazimatlardır. Belə ki, bu ölkənin əczaçılıq sənayesi yaxşı inkişaf edib, həm də həmin məhsulların qiyməti Azərbaycan vətəndaşları üçün əlverişlidir.

"Azərbaycan neftdən başqa, Misirə kimya və metallurgiya sənayesi məhsullarını da ixrac edir", - Mansur vurğulayıb.

Misir və Azərbaycan arasında münasibətlər

Misir Azərbaycanı 1991-ci ildə müstəqillik qazandıqdan sonra tanıyan ilk dövlətlərdən biri olub və 1993-cü ildə Azərbaycanda öz səfirliyini açıb. Misirin diplomatik missiyası Azərbaycanda ilk diplomatik missiyalardan biri olub", - Mansur bildirib.

"O vaxtdan bəri Misir və Azərbaycan çoxlu sahələrdə əməkdaşlıq edirlər", - səfir qeyd edib.

İki ölkənin yüksəkvəzifəli nümayəndələrinin çoxlu qarşılıqlı rəsmi səfərləri arasında səfir 1994-cü ildə Misirə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin və 2007-ci ildə Prezident İlham Əliyevin səfərlərini vurğulayıb. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafının əsasını qoyub.

"Misirin Azərbaycandakı səfirliyi işə başlayandan bəri iki ölkə arasında müxtəlif sahələrdə - mədəniyyət və təhsil, iqtisadiyyat və ticarət, səhiyyə və digər sahələrdə 25-ə yaxın əməkdaşlıq haqqında saziş imzalanıb", - Mansur əlavə edib.

Səfirin sözlərinə görə, Misir və Azərbaycan arasında münasibətlər Azərbaycan müstəqillik qazanmamışdan əvvəl də yüksək səviyyədə olub.

"Azərbaycan və Misir xalqları həmişə münasibətləri inkişaf etdirməyə çalışıblar. Hələ müstəqillik qazanmamışdan əvvəl azərbaycanlılar Misirə gediblər və orada təhsil alıblar, eynilə Misir hökuməti də Azərbaycana ərəb dili və mədəniyyəti üzrə mütəxəssisləri azərbaycanlılara dərs deməyə göndərib", - diplomat deyib.

Səfir onu da xatırladıb ki, Misirin keçmiş prezidenti Camal Əbdül Nasir 1958-ci ildə Bakıda səfərdə olub və o, Moskvaya getməzdən bura səfər edib.

"Bu, bir daha sübut edir ki, Misir və Azərbaycan arasında münasibətlərin dərin kökləri var", - Mansur əlavə edib.

Səfirin fikrincə, iki ölkə arasında mədəni münasibətlər imkişaf etmiş və ümidvericidir. Belə ki, Azərbaycan və Misir xalqları tarix boyu ümumi mədəni və tarixi dəyərlərə malik olublar.

"Bizim ümumi adət-ənənələrimiz var. Mən Azərbaycanda toy nərasimlərinin keçirilməsini və ya uşağın dünyaya gəlişinin qeyd olunmasını müşahidə etdim və təəccübləndim ki, bizim adətlərimiz nə dərəcədə oxşardır", - o qeyd edib.

Təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlıq

"Misir və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə 1992-ci ildə hələ Misirin Bakıda səfirliyi açılmamışdan əvvəl imzalanıb. Müqaviləyə əsasən tələbə mübadiləsi proqramı həyata keçirilir", - səfir vurğulayıb.

"Bu müqavilə 2005-ci ildə yenilənib. Müqaviləyə əsasən, Misir Azərbaycan tələbələrinə Misir universitetlərində bakalavr və magistr dərəcələrinin alınması üçün 20 yer verib", - Mnsur qeyd edib.

Elə bu şəkildə Azərbaycan da Misir tələbələrinə Azərbaycanın ali məktəblərində magistratura və doktoranturada təhsil almaq üçün 20 yer ayırıb.

"İndi Azərbaycanda 29 misirli tələbə təhsil alır. Onlar əsasən neft hasilatı, kimya, tikinti, geologiya, eləcə də Azərbaycan dili sahəsində təhsil alırlar. Hazırda Misirdə isə əl-Əzhər, Ayn-əş-Şəms universitetlərində və Qahirə Dövlət Universitetində 150-yə yaxın azərbaycanlı tələbə təhsil alır", - səfir vurğulayıb.

Mütəxəssislərin ixtisaslarının artırılması sahəsində əməkdaşlıq

Səfir Mansurun sözlərinə görə, Misirdə keçmiş Sovet İttifaqı ölkələri ilə texniki əməkdaşlıq fondu yaradılıb. Bu fond hər il Azərbaycan da daxil olmaqla, dost ölkələrin inkişafına yardım edir.

"Son 16 ildə fond Azərbaycandan Misirə 1500-yə yaxın müxtəlif sahələrin mütəxəssislərini, xüsusilə, ərəb dili və ərəb mədəniyyəti sahəsində mütəxəssisləri göndərib", - səfir deyib.

Onun sözlərinə görə, bu ixtisasartırma kursları mədəniyyət, diplomatiya, təhlükəsizlik, terrorizm və cinayətkarlıqla mübarizə və səhiyyə sahəsində keçirilir.

"Azərbaycandan olan mütəxəssislər qrupu Misirə fəaliyyət sahəsindən asılı olaraq 15-30 günlüyə göndərilirlər. Bu il ixtisasartırma kursları diplomatiya sahəsində keçiriləcək", - Mansur bildirib.

Xəbər lenti

Xəbər lenti