...

Yaxın zamanlarda Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı yüksəkdir - politoloq Rasim Musabəyov

Siyasət Materials 3 Avqust 2011 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Yaxın zamanlarda Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı yüksəkdir. Bu barədə çərşənbə günü Trend-ə azərbaycanlı politoloq, millət vəkili, Trend BİA-nın Ekspertlər Şurasının üzvü Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ərəb ölkələrində olduğu kimi inqilabi şəkildə yox, qarşılıqlı razılaşma şəklində olacaq.

"Vaxtilə Ermənistanın sabiq prezidenti, hazırkı Ermənistan müxalifətinin rəhbəri Levon Ter Petrosyanın hakimiyyətə gəlməsi də razılaşma əsasında olmuşdu. İndi də hiss olunur ki, o, Serj Sarkisyanla müəyyən razılaşmaya gəlmək niyyətindədir. O razılaşma çərçivəsində böyük ehtimalla, ya koalisyon hökumətin formalaşması, ya da parlament seçkilərinin keçirilməsi mümkündür. Əgər parlament seçkiləri keçirilərsə, daşnaklarla İrs Partiyası kənarda qalacaq, parlamentdə isə kifayət qədər böyük bir fraksiya ilə Levon Ter Petrosyanın tərəfdarları təmsil oluna bilərlər. Bu variant daha çox ehtimal olunan variantdır", - Musabəyov əlavə edib.

Politoloq qeyd edib ki, hakimiyyətdən kənarda qalan adamların təzyiqləri nəticəsində Serj Sarkisyan Qarabağ məsələsinin nizamlanması prosesində də müəyyən manevr imkanları əldə edəcək.

"Ermənistanda hərbiçilər, bir sıra siyasi qüvvələr, həmçinin Daşnaqsyutun, İrs partiyaları Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına qarşıdırlar, Serj Sarkisyan məhz bu faktordan istifadə edərək Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç nə dəyişmədən vaxtı uzada bilər", - o qeyd edib.

Musabəyov hesab edir ki, hökumətin ümumiyyətlə dəyişməsi ehtimalı da olduqca yüksəkdir.

"Çünki Ermənistanın hazırkı Baş naziri Tiqran Sarkisyanın ölkədə elə də böyük nüfuzu yoxdur. O, kriminal hakimiyyətinin əməllərini ört-basdır edən bir insan idi. İndi isə ona ehtiyac yoxdur", - politoloq bildirb.

Ermənistan Milli Konqresinin rəhbəri çərşənbə axşamı keçirilən mitinqdə bildirib ki, Ermənistan hökuməti erkən prezident seçkilərinin keçirilməsinə razı olacaq.

Xəbər lenti

Xəbər lenti