...

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ nizamlaması və Xəzərin statusunu müzakirə edəcəklər

Siyasət Materials 8 Avqust 2011 17:39 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev çərşənbə axşamı Soçidə keçiriləcək danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzər dənizinin hüquqi statusu məsələlərini müzakirə edəcəklər.
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ nizamlaması və Xəzərin statusunu müzakirə edəcəklər

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev çərşənbə axşamı Soçidə keçiriləcək danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzər dənizinin hüquqi statusu məsələlərini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Rusiya Prezidentinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, İlham Əliyev RF-yə bu ölkənin prezidenti Dmitri Medvedevin dəvəti ilə işgüzar səfərə gələcək.

"İki liderin görüşü zamanı Azərbaycan-Rusiya münasibətlərinin əsas aspektləri, eləcə də gündəlikdə duran aktual regional məsələlər, ilk növbədə Dağlıq Qarabağ nizamlaması üzrə danışıqlar prosesinin vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılıb", - məlumatda deyilir.

Kremldən xatırladılıb ki, Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ nizamlaması üzrə üçtərəfli danışıqlar zamanı - Ermənistan Prezidentinin iştirakı ilə - mütəmadi görüşürlər. Son dəfə belə görüş iyunun 24-də Kazanda olub.

Ermənsitan və Azərbaycan bir-biri ilə Dağlıq Qarabağ uğrunda münaqişə aparırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Gözlənildiyinə görə, Əliyev və Medvedev Soçidə Xəzər dənizinin hüquqi statusu üzrə davam edən danışıqlar, eləcə də 2010-cu ilin noyabrında Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammitinin qərarlarının həyata keçirilməsi kontekstində Xəzər mövzusunu da müzakirə edəcəklər".

İndiyədək Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Rusiya və Azərbaycan prezidentlərinin çərşənbə axşamı Soçidə keçiriləcək danışıqlarında humanitar sahədə qarşılıqlı fəaliyyət üzrə fikir mübadiləsinin aparılması da planlaşdırılıb.

"Cari ilin oktyabrında Bakıda Azərbaycan və Rusiya prezidentlərinin hamiliyi altında ilk Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi planlaşdırılıb", - Kremlin mətbuat xidmətindən məlumat verilərək xatırladılıb ki, forumun Təşkilat Komitəsinə iki ölkə prezidentlərinin administrasiya rəhbərləri başçılıq edirlər.

Bundan başqa, Əliyev və Medvedevin danışıqlarında prioritet diqqət Rusiya Prezidentinin ötən ilin sentyabrında Bakıya rəsmi səfərinin yekunları üzrə ticari-iqtisadi, energetika, investisiya-bank sahəsində əldə edilən razılaşmaların həyata keçirilməsinə də yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti