...

İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib (FOTO)

Siyasət Materials 10 Avqust 2011 20:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 13:58-də yayılıb)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev müsəlman ölkələrinin səfirlərini mübarək Ramazan ayı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Dövlət başçısı Ramazan ayında belə görüşlərin artıq ənənəvi xarakter daşıdığını bildirib.

"Təmsil etdiyiniz ölkələrlə Azərbaycan çox sıx əməkdaşlıq edir. Şadam ki, bu əməkdaşlıq və dostluq əlaqələri həm siyasi, həm iqtisadi, həm digər sahələrdə gündən-günə güclənir", - Prezident İlham Əliyev deyib və bütün müsəlman ölkələri arasında əlaqələrin daha geniş olmasını arzulayıb. Dövlət başçısı müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin sayının getdikcə artdığını, eyni zamanda Azərbaycanın da bir çox müsəlman dövlətlərində yeni səfirlik açdığını deyib. Azərbaycan Prezidenti bunu ölkələrimizin bir-birinə olan xoş münasibətinin təzahürü kimi qiymətləndirib.

Prezident İlham Əliyev müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda əməkdaşlığının uğurla davam etdiyini, dövlətlərimizin bir-birinə dəstək olduğunu qeyd edib. Dövlət başçısı bir neçə il əvvəl BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Azərbaycana ən çox müsəlman ölkələrinin dəstək verdiyini vurğulayaraq bu dəstəyin bu gün də hiss olunduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin mövqeyini müdafiə edir və bundan sonra da bu siyasəti davam etdirəcək. Dövlət başçısı islam həmrəyliyinin gücləndirilməsinin, qarşılıqlı dəstəyin daha yüksək səviyyədə olmasının zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın bu məqsədlərə çatmaq üçün öz tərəfindən vacib addımlar atdığını diqqətə çatdırıb.

Özbəkistanın ölkəmizdəki səfiri İsmatilla Yerqaşev bütün müsəlman ölkələrinin səfirləri adından Azərbaycan xalqını mübarək Ramazan ayı münasibətilə təbrik edib, xalqımıza uğurlar və firavan həyat arzulayıb. Bildirib ki, Azərbaycan nəinki regiona, həmçinin beynəlxalq proseslərə təsir göstərən ölkədir. Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə infrastruktur layihələrinin müvəffəqiyyətlə həyata keçirildiyini deyən səfir bütün bunların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün uğurla davam etdirilən siyasət nəticəsində mümkün olduğunu söyləyib.

Diplomat onu da qeyd edib ki, müsəlman ölkələri bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.

Ölkəmiz haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini, qarşıda duran bütün məsələlərin uğurla icra olunduğunu, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını söyləyib. Dövlət başçısı görüləcək işlərin hələ çox olduğunu vurğulayıb.

"Bunun üçün isə ölkədə həm siyasi iradə, həm maliyyə resursları, həm düşünülmüş siyasi xətt və strategiya var", -Prezident İlham Əliyev bildirib və bir daha bütün müsəlman ölkələrinin daim bir-birinə dəstək olmasının vacibliyini söyləyib.

Dövlət başçısı qarşıdan gələn Ramazan bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, görüşdə iştirak edən müsəlman ölkələrinin səfirlərinin təmsil etdiyi ölkələrin ictimaiyyətinə onun salamlarını çatdırmağı xahiş edib.

Sonda xatirə şəkli çəkdirilib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti