Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/
Batumi şəhərində "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda keçirilən konfrans iştarkçıları tədbirin sonunda Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşviliyə müraciət ünvanlayıblar.
"Hörmətli Prezidentlər! Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi köklərə malik dərin dostluq əlaqələri Sizin gərgin əməyiniz və ardıcıl səyləriniz sayəsində getdikcə möhkəmlənən dövlətlərarası strateji tərəfdaşlıq münasibətlərinin etibarlı zəminidir. Bu gün regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr məhz bu tərəfdaşlığa əsaslanır. Azərbaycan və Gürcüstan arasında hər zaman qarşılıqlı etimad və inam hissi mövcud olmuşdur. Bu tarixi ənənənin qorunub saxlanmasına xidmət edən müqəddəs vəzifənin həyata keçirilməsində göstərdiyiniz qayğıya və dəstəyə görə Sizə ürəkdən təşəkkür edirik. Məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimizin yaxın və uzaq keçimişi bu ənənəyə sonsuz sədaqətimizin parlaq ifadəsi olan çoxsaylı faktlarla zəngindir", - müraciətdə deyilir.
Müraciətdə qeyd olunub ki, bu gün Gürcüstanda çoxsaylı azərbaycanlı, Azərbaycanda isə gürcü icması rahat və təhlükəsiz şəraitdə yaşayır.
"Məmnuniyyətlə qeyd edirik ki, son illərdə hər iki icmanın cəmiyyətə inteqrasiyasını gücləndirən bir sıra layihələr uğurla həyata keçirilib. Gürcüstan azərbaycanlılarının bir sıra sahələrdə qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlər icmamızın həyatında böyük dəyişikliklərə səbəb olub. Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlı icmasının cəmiyyətə inteqrasiyasına Azərbaycan və Gürcüstan rəhbərliyinin verdiyi daimi və davamlı dəstəyə görə dərin minnətdarlığımızı ifadə edərək, bu sahədə hər iki ölkə arasında qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlığın uğurlu nəticələr verdiyini xüsusi vurğulamaq istərdik. Bununla yanaşı, öz həllini gözləyən və icmamızı narahat edən bəzi problemlərin olduğunu qeyd etmək istərdik. Əminik ki, hər iki ölkənin müvafiq dövlət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda tədbir bu problemlər haqqında dəqiq təsəvvür yaratmaq və onların həlli yollarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malik olacaqdır", - müraciətdə vurğulanıb.
Müraciətdə daha sonra qeyd olunub: "Toplantıda aparılmış müzakirələr və irəli sürülmüş təkliflər əsasında biz çox yaxın zamanda Gürcüstan azərbaycanlılarının ümumgürcüstan toplantısının keçirilməsinə və azərbaycanlı icmasının vahid təşkilatının yaradılacağına böyük ümidlər bəslədiyimizi ifadə etmək istərdik. Əminik ki, Azərbaycan və Gürcüstan dövlət başçılarının dəstəyi sayəsində bu birliyin ən qısa vaxt ərzində təsis olunmasına nail olacağıq. İnanırıq ki, Azərbaycan və Gürcüstan prezidentlərinin bu toplantıda iştirakı xalqlarımız arasındakı dostluq münasibətlərinin sarsılmazlığının ifadəsi olacaq".