Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Əsədov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərin inkişafına böyük önəm verir. Milli Məclis də Avropa İttifaqının Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Sədr Avronest təşkilatının yaradılmasının qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Avropa Parlamentinin 2010-cu ilin mayında Cənubi Qafqazda vəziyyətə dair qəbul etdiyi qətnamədə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünün tanınması müddəalarının əks olunması ölkəmizdə yüksək qiymətləndirilir.
"Belə hesab edirik ki, təcavüzkarla təcavüzə məruz qalana bərabər münasibət göstərilməməli, onlara fərq qoyulmalıdır", - spiker deyib.
Filip Lefort ölkə rəhbərliyi ilə keçirdiyi görüşlərin və aparılan danışıqların onun üçün çox əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, real vəziyyəti öyrənmək baxımından bu görüşlər mühüm əhəmiyyət kəsb edir.
Xüsusi nümayəndə Cənubi Qafqazda münaqişələrin tezliklə aradan qaldırılması üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı Oqtay Əsədov bu sahədə parlamentin də öz üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirəcəyinə əminliyini ifadə edib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.