...

Mehriban Əliyeva: Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib

Siyasət Materials 12 Sentyabr 2011 13:58 (UTC +04:00)
Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı sürətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanıb.
Mehriban Əliyeva: Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı sürətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanıb. Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaq. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası iştirakçılarına təbrik məktubunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva deyib. Təbrik məktubunu səhiyyə naziri Oqtay Şirəliyev oxuyub.

"Sizin hamınızı Azərbaycan paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayıram, hər birinizə uzun ömür, can sağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcək", - təbrik məktubunda qeyd edilib.

Məktubda vurğulanıb ki, Regional Komitənin bu sessiyasi respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bir vaxta təsaduf edir.

"Qloballaşan dünyada insanların sağlamlığını müəyyən edən bir çox amillərin iqtisadi və sosial inkişafla bağlılığı qarşımızda yeni vəzifələr qoyaraq dövlət strukturlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin yeni əməkdaşlıq strategiyasının formalaşmasını tələb edir. Buna uyğun olaraq, başçılıq etdiyim Fond yarandığı ilk gündən səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlayıb. Dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı işbirliyimiz öz bəhrəsini verməkdədir. Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkəmizdə mövcud potensialın səfərbər olmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcək", - təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti