...

Mehriban Əliyeva: Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 13:44 (UTC +04:00)
Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır.
Mehriban Əliyeva: Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmayıb və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşib. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə, 2000-dən çox soydaşımız qətlə yetirilib. Trend-in AzərTac Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin açılışında çıxışı zamanı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva deyib.

"Terrorçuluq bütün dövlətlərə və xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir. Terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz", Mehriban Əliyeva deyib.

Birinci xanımın sözlərinə görə, bir neçə gün öncə onuncu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi.

"Hamımız bilirik ki, terrorçuluğun universal xarakterini nəzərə alaraq, fərdi qaydada göstərdiyimiz səylərin uğurlu olması apardığımız beynəlxalq əməkdaşlığın keyfiyyətindən asılıdır. Bu baxımdan, mən qurbanların üzləşdiyi problemlərin həllində birgə tədbirlərin görülməsində yardımçı olacaq Terror Qurbanları Beynəlxalq Assosiasiyasının yaradılması ideyasını bütövlüklə alqışlayıram. İnanıram ki, Fransanın təcrübəsi əsasında bu yaxınlarda yaradılmış və təmsilçiləri bu gün aramızda olan Azərbaycan Terror qurbanları Assosiasiyası gələcək uğurlara töhfə verəcək", - Heydər Əliyev Fondunun prezidenti bildirib.

7-ci Beynəlxalq Terror qurbanları Konqresində iştirak etmək üçün səmimi dəvətə görə Fransa Terror qurbanları Assosiasiyasına və onun baş direktoru Qiyyom dö Sen Marka təşəkkürümü bildirən Mehriban Əliyeva qeyd edib ki, bu mühüm tədbir terror bəlasına qarşı mübarizədə və onun dəhşətli nəticələrinin aradan qaldırılmasında dünyanın üzləşdiyi çağırışların təfərrüatla nəzərdən keçirilməsi üçün olduqca münasib fürsətdir.

"Əslində, biz terror qurbanlarına lazımi qayğı ilə yanaşmasaq, onunla mübarizədə qalib gəlmək mümkün olmaz. Təbii ki, terror aktları qurbanlarının çəkdiyi əziyyətlərin qarşısının alınmasına yönəlmiş səylər diqqət mərkəzində olmalıdır. Dövlətlər, qeyri-dövlət qurumları və bütövlükdə vətəndaş cəmiyyəti cəmiyyətlərimizin bu cür olduqca zəif təbəqəsinə mənəvi, maddi, tibbi, məsləhətçi və digər formada dəstək və yardımın göstərilməsində öz səylərini artırmalıdırlar. Onlara, həmçinin öz hüquqları izah edilməklə və təcrid olunma hisslərinin azaldılması məqsədi ilə üzləşdiyi problemlərə ictimai diqqəti yönəldərək yardım etməliyik. Qurbanlara yardım əli uzadılmalıdır ki, onlar çəkdikləri əzablara tab gətirməyə güc tapsınlar. Onları əmin edirik ki, bu insanların başına gələnləri biz heç vaxt unutmayacağıq. Əminəm ki, 35-dən artıq ölkədən, o cümlədən Azərbaycandan gəlmiş və dünyanın bütün yerlərini təmsil edən böyük sayda iştirakçılar daha faydalı və məzmunlu şəkildə fikir mübadiləsi aparmaq imkanından yararlanacaqlar. İnanıram ki, tədbirin ən böyük faydası bir tərəfdən qərarları qəbul edənlər, digər tərəfdən isə terror qurbanları və vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq və qarşılıqlı fəaliyyətdən irəli gələcək. Bu, həmçinin öz fərdi təcrübəsi ilə bölüşmək, tanış olmaq və üzləşdikləri çağırışların aradan qaldırılması yollarını araşdırmaq üçün nadir fürsətdir", - birinci xanım deyib.

Sonda Mehriban Əliyeva belə bir tarixi toplantıdakı müzakirələrə böyük müvəffəqiyyətlər arzulayıb və əmin edib ki, Azərbaycan terror qurbanlarına aid olan məsələlərin həllinə yönəlmiş beynəlxalq səylərə davamlı dəstəyini göstərəcək.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı alqışlarla qarşılandı.

Fransa və eləcə də Avropa mediasının çox böyük diqqət mərkəzində olan tədbirdə dünyanın nüfuzlu və tanınmış ictimai-siyasi xadimləri, müxtəlif millətlərin nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, İspaniya, Kolumbiya, Misir, Pakistan, İran və İraqın Fransadakı səfirləri və bu ölkələrdən mütəxəssislər iştirak edirdilər.

Konqresin işi sentyabrın 17-də başa çatacaq.

Foto - AzərTAc

Xəbər lenti

Xəbər lenti