Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/
İsrail region üçün təhlükədir, çünki nüvə silahına malikdir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, xəbəri Anadolu agentliyi yayıb.
Ərdoğan qeyd edib ki, İsrailin beynəlxalq hüquq normalarını pozması strateji tərəfdaş kimi Türkiyəni tam olaraq itirməsinə gətirib çıxarıb.
"Bizim İsrail xalqı ilə heç bir problemimiz yoxdur, bizim bütün iddialarımız İsrail hökumətinədir", - Baş nazir bildirib.
O bir daha dünya ictimaiyyətini İsrailin aqressiv siyasətini dayandırmağa çağırıb.
Ərdoğanın sözlərinə görə, İsrail və Türkiyə münasibətlərindəki böhran Ankaranın Fələstin dövləti qurulmasına köməyə istiqamətlənmiş siyasətinin nəticəsi deyil.
Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.
Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.