...

Türkiyə xarici siyasətini dəyişməsə, İranla problemlər qaçılmazdır – İİR-in ali liderinin köməkçisi

Siyasət Materials 8 Oktyabr 2011 15:12 (UTC +04:00)
Türkiyə hakimiyyəti İrana münasibətlə bağlı siyasətində şəffaflıq yaratmasa və Tehrana münasibətini dəyişməsə, Türkiyə-İran münasibətləri pozula bilər.
Türkiyə xarici siyasətini dəyişməsə, İranla problemlər qaçılmazdır – İİR-in ali liderinin köməkçisi

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Türkiyə hakimiyyəti İrana münasibətlə bağlı siyasətində şəffaflıq yaratmasa və Tehrana münasibətini dəyişməsə, Türkiyə-İran münasibətləri pozula bilər. Bunu İranın ali dini liderinin köməkçisi Seyid Yəhya Səfəvi bildirib. Bu barədə Trend şənəb günü MEHR agentliyinə istinadən xəbər yayıb.

"Türkiyə İran barəsində düzgün olmayan siyasət yürüdür. Əgər o, bu siyasəti dəyişməsə, onda xarici və daxili siyasətində problemlərlə üzləşəcək", - Səfəvi deyib.

Onun sözlərinə görə, Türkiyə ərazisində AvroRHM-in yerləşdirilməsi Ankaranın strateji səhvidir.

"Biz hesab edirik ki, Türkiyə ABŞ-ın göstərdiyi yolla gedir", - Səfəvi qeyd edib.

Onun sözlərinə görə, Türkiyə bir neçə strateji səhvə yol verib. Onlardan biri Ərdoğanın Misirə ölkənin dünyəvi idarəçiliyini saxlamaq barədə məsləhətidir. İkinci səhv Türkiyə ərazisində AvroRHM-in yerləşdirilməsidir ki, bu da Ankaranın Rusiya və İrana mesaj göndərdiyini göstərir.

İranın ali dini liderinin köməkçisi hesab edir ki, üçüncü səhv sionistlərin və ABŞ-ın təzyiqi altında Suriyada gərginlik yaratmaqdır.

"Bu hərəkətlər Türkiyənin şüarlarına ziddir və onun ikiüzlü siyasət yürütdüyünü göstərir", - Səfəvi deyib.

Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun raket hücumundan müdafiə (RHM) sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsinin hansısa ölkəyə qarşı yönəlmədiyini bəyan edib.

"Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsidir və ayrılıqda heç bir ölkədə aid deyil. Bu layihənin hazırlanması zaman biz bununla bağlı öz narahatçılığımızı bildirdik", - Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, Türkiyə belə bir bəyanatla İran tərəfinin bəyanatına cavab olaraq çıxış edir.

Rəsmi Tehran dəfələrlə Ankaraya raket hücumundan müdafiə (RHM) sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.

"Belə addım İsrailin və regiondakı digər xarici qüvvələrin xeyrinədir", - İran XİN -in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirmişdi.

Xəbər lenti

Xəbər lenti